“Paşinyan-Putin görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bunların içərisindən önə çıxan məsələlər iki ölkənin xarici siyasət məsələlərində məsləhətləşmələr aparmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. oldu. Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izn verməməklə bağlı öhdəlik götürməsi oldu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Onun sözləriən görə, bu nüans birbaşa Paşinyanın “üç masada əyləşmək” strategiyasını sıradan çıxarmağa hesablanıb:
“Bu razılaşmaya imza atmaqla Paşinyan fərqli cəbhələrdə manipulyasiya imkanlarını daraltdı. Görüşdə “3+3” formatına xüsusilə toxunulması, Türkiyə-Rusiya yaxınlaşmasının Moskvanın bölgə siyasətini korreksiya etməsinə səbəb olduğunu açıq göstərir.

Digər cəbhələrdən əli üzülən Rusiyanın son ümidi cənub sərhədlərinədir. Ukraynada faktiki məğlubiyyət, qarşılaşdığı ağır sanksiyalar Kremlin enerji və iqtisadi trayektoriyalarını cənub və şərqə istiqamətləndirib. Lakin xüsusən Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda ağırlığını və Rusiyanın onunla hesablaşdığını nəzərə alsaq, yeni siyasi gündəmin Türkiyə və Azərbaycanın maraqları kontekstindən kənarda formalaşacağını düşünmək mümkün deyil. Təsadüfi deyil ki, görüşdə Putin Türkiyə-Ermənistan əlaqələrinə də toxunaraq, prosesi alqışladığını bildirib. Yəni, İrəvanı hər nə qədər öz orbitinə çəkməyə çalışsa da, Ankaranın maraqlarının da gözardı edilmədiyinə dair eyham vurur. Bu baxımdan hesab etmirəm ki, Rusiya sülh razılaşmasına hər nə qədər bunu istəsə belə, əngəl törətməyə cəhd edir”. Z.Qarayeva qeyd edib ki, məqsəd sadəcə Qərbin təşəbbüslərinə mane olmaq və bölgədə özünün də varlığını qarşı qütbə göstərməkdir: “Amma Qafqazın taleyi artıq həll olunduğu və Moskvanın yeni geosiyasi konfiqurasiyada rupor rolu oynamadığı, üstəlik bölgədə Türkiyə-Azərbaycan tandemi ağırlıq təşkil etdiyi üçün Paşinyan bütün masalarda məğlubdur”.
Aynurə Pənahqızı Demokrat.az


