Gündəm Özəl

Politoloq: “Belə davam eləsə, Rusiyanın bir dövlət kimi ömrü uzağı iki il çəkəcək”

Politoloq: “Belə davam eləsə, Rusiyanın bir dövlət kimi ömrü uzağı iki il çəkəcək”

Brüssel görüşündən sonra rəsmi Moskva öz niyyətlərindən əl çəkmir. Hətta, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə Rusiyanın Ermənistana silah yardımı ayıracağına söz verdi. Göründüyü kimi, Avropa İttifaqı sülhə dəvət etdiyi bir zamanda Rusiya Ermənistanı silahlandırmağa söz verməklə, iki tərəf arasındakı münasibətləri yenidən qızışdırmaq niyyətindədir.

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında bildirib ki, Moskvanın niyyətindən əl çəkməməsinin bir neçə səbəbi var.

Politoloq qeyd edib ki, Moskva Qafqazı itirmək istəmir: “Təbii ki, Lavrovla Mirzoyanın görüşündə Ermənistana silahla yardım məsələsi yeni bir şey deyil. Qeyd edim ki, hazırda Rusiya həddən artıq siyasi arenada blokadadır və iqtisadi cəhətdən də zəifləyib, hərbi cəhətdən isə biabırçı duruma düşüb. Lakin buna baxmayaraq onlar yenə də imperiya ambisiyalarından əl çəkmək istəmirlər. Ümumiyyətlə, Rusiya bu addımları ilə bildirmək istəyir ki, mən hələ yıxılmamışam. Amma onlar bunu həm də ona görə edirlər ki, Avropa İttifaqı bu məsələyə müdaxilə edib və onlar Azərbaycan-Ermənistan arasında tezliklə sülh sazişinin bağlanmasını istəyirlər. Hər görüşdə əlaqələrin yaxşılaşdırılması, infrastrukturun, sərhədlərin delimitasiya məsələləri gündəmə gətirirlər. Yəni, üçtərəfli imzalanmış bəyanatda nəzərdə tutulan bütün müddəaların icra olunmasını istəyirlər, lakin Rusiya bunu istəmir”.

C.Nuriyevin sözlərinə görə, Lavrovun Mirzoyanla görüşündə dediyi sözlərin siyasi yükü yoxdur:

“Çünki Lavrov Rusiyada əsas siyasi fiqur deyil. Qeyd edim ki, Rusiya əgər ağıllı plan qursaydı, Ukraynada hər şeyi proqnozlaşdıra bilərdi və bu boyda riskə girməzdi. Təsəvvür edin ki, hərbi gücü ondan 10 dəfə zəif olan bir dövlət qarşısında bu gün çox biabırçı vəziyyətdədir. Ona görə də, Rusiyanın Azərbaycan və Ermənistanla bağlı hansısa uzaqgörən bir planının olduğuna inanmıram. Rusiya da ermənilər kimi saxta tarixə daha çox fikir verirlər. Amma anlamırlar ki, bunlar 15-ci əsrə kimi bütün yazışmaları türk dillində aparıblar. Bunların bütün qanı türk qanıdır. Bu gün onların ordusuna türk rəhbərlik edir. Sadəcə olaraq, baş qaldırmış aşırı millətçilik Rusiyanı məhvə aparır. Rusiya guya Ukraynada nasizmin aradan qaldırmaq istəyir, amma təəssüf ki, bunu eyni üsulla, yəni aşırı millətçiliklə aradan qaldırmaq niyyətindədir. Daha doğrusu, özlərinə alternativ görmürlər. Tarixə əgər fikir versək, hansı ölkədəki aşırı millətçilik baş qaldırıb, həmin ölkələr çöküb. Əgər Rusiya bu iştaha ilə davam eləsə, Rusiyanın bir dövlət kimi ömrü uzağı iki il çəkəcək. Ondan artıq çəkə bilməz”.

C.Nuriyev hesab edir ki, Azərbaycanla Ermənistan arasında proses uzunmüddət çəkəcək: “Çünki Ermənistan tərəfi buna hazır deyil. Uzunmüddətdir ki, Qarabağda olan terror qruplaşmaları kilsə vasitəsilə bütün ermənilərdən toplanılan vəsaitlər hesabına ayaqda qalırdılar. Onların bu biznesini Azərbaycan ordusu darmadağın etdi. Və ona görə də, burada kilsə yenidən fəaliyyətini gücləndirib. Nəzərə alsaq ki, burada terrorla məşğul olan qüvvələrdir və onlar müharibədən biznes kimi istifadə edirdilər və yaxşı gəlir götürürdülər. Amma indi bütün bunlara son qoyulduğuna görə, indi ermənilər bununla barışmaq istəmir. Amma barışmaq məcburiyyətində qalacaqlar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az