Gündəm Özəl

“Atalarının hesabına bu gün 300-500 minlik maşın sürürlər” — Xeyrəddin Qoca

“Atalarının hesabına bu gün 300-500 minlik maşın sürürlər” — Xeyrəddin Qoca

Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən yararlanmağına təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir. Faktiki olaraq reklam üçün hər bir vasitə istifadə oluna bilər, ancaq qanunu pozmamaq şərti ilə. Təəssüf ki, iaşə obyekti açarkən bəzi sahibkarlar özlərinin belə anlamadığı, sadəcə qulağa xoş gələn xarici sözlərdən istifadə edir. Anlaşılmayan bir məqam var: xarici sözləri daha cazibədar edən "səbəb" nədir?

Məsələyə münasibət bildirən yazıçı-publisist Xeyrəddin Qoca Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür xarici dildə reklamların olması yolverilməzdir:

“Gəlin etiraf edək ki, Azərbaycan dilində ifadəsi mümkün olan sözlərin əcnəbi, əsasən də ingilis dililə əvəzlənməsi qəbulolunmazdır. Reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Təəssüf ki, bəzi sakibkarlar buna məhəl qoymayaraq birbaşa xarici sözləri ifadə edən löhvələrdən istifadə edirlər. Buradan da belə çıxır ki, özlərini peşəkar marketinq mütəxəssisləri kimi göstərənlər dövlətin qanun və qaydalarından xəbərdar belə deyillər”.

X.Qoca bildirib ki, bu cür yazılara bütün şəhər boyu rast gəlinir:

“Sözün düzü küçələrdə bütün mağazalar, obyektlər ingilis dilindədir. Başa düşmürəm ki, orada nə satırlar? Əgər yazsalar ki, ayaqqabı mağazasıdır, heç olmasa gedib bir şey alaram. Bilmirəm ki, nə mağazasıdır və ora bax-baxa qalıram. Elə bil İngiltərədə yaşayırıq?! Axı biz reklam haqqında qanun qəbul etmişik. Əvvəlcə sözlər Azərbaycan dilində böyük hərflərlə yazılmalıdır, sonra kiçik rus və ingilis hərfləri ilə yazılmalıdır. Haradan bu azərbaycanlılar ingilis oldular? Mən başa düşə bilmirəm. Bunlar nə deyirlər? Nə demək istəyirlər? Millətimizi bəyənmirlərmi? Bu qədər millətin eybi olarmı? Özümüzü tərifləməkdən başqa heç nəyimiz yoxdur! “.

“Guya bunlar xaricdə oxumaqla ingilis oldular? Atalarının hesabına xaricə gedirlər, guya “təhsil” alırlar. Mənim övladım niyə getmir? Atalarının hesabına bu gün 300-500 minlik maşın sürürlər. Onlar ancaq tərbiyəsizliklə məşğuldurlar, sonra da deyirlər ki, xarici dil bilirik. Heç onlar Azərbaycan dilini bilmirlər. Bilirsiniz də, Azərbaycan dilini bilmək elə də asan məsələ deyil. Əgər Azərbaycan dilini təmiz, yüz faiz bilmirlərsə, heç zaman başqa dilləri də öyrənə bilməzlər. Ümumiyyətlə, onu deyə bilərəm ki, bu gün ləyaqətli gənclərimiz çox azdır,”- deyə yazıçı-publisist əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az