Müsahibə Özəl

Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”

Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”

Son illər azyaşlılar arasında nitq qüsurlu olanların sayı artıb. Bunun səbəbini canlı ünsiyyətin azalması, azyaşlıların telefona, komputerə, televizora daha çox maraq göstərməsi ilə də izah etmək olar.

Mövzu ilə bağlı loqoped Rufa Mirişli Demokrat.az-ın suallarını cavablandırıb:

-Gəlin tanış olaq..

-Mən, Rufa Mirişli, hazirda “Avaz” eşitmə və nitq mərkəzində defektoloq Loqoped vəzifəsində çalışıram.

-Uşaqlarda nitqin qüsurlu olmasını neçə yaşda aşkara çıxarmaq mümkündür?

-İlk olaraq, onu deyim ki, loqopedik qüsur adətən, bir yaşdan sonra rəy kimi bildirilə bilər. Bir-üç yaş arası nitq yaşa uyğun formalaşmazsa, bu dövrdə nitqin ləngiməsi hesab edilir. Üç yaşdan sonra nitq yenə də inkişaf etməzsə, artıq nitqin geriliyi hesab olunur. Bir nüansa da toxunmaq istəyirəm ki, adətən, anadangəlmə dodaq, damaq yarıqları olan, eşitmə qüsurlu uşaqlarda gələcəkdə nitq qüsurlarının olması müşahidə olunur. Əgər müraciət olunarsa, loqoped o dövrdə öz rəyini və tövsiyələrini bildirə bilər.

-Son dövrlərdə gec danışma və kəkələmə kimi hallar artıb. Səbəbi necə izah edərdiniz?

-Səbəblər müxtəlif ola bilər. Konkret səbəb adlandırmaq düzgün olmaz. Adətən, iris, bioloji, sosioloji faktlar nəzərdə tutulur. Bioloji faktlar deyərkən, uşağın keçirdiyi psixi, nevroloji, somatik xəstəliklər aid edilir. Sosioloji faktlara isə düzgün olmayan nitq tərbiyəsi, çoxdillilik, sosial mühit, pedoqoji baxımsızlıq kimi amilləri qeyd edə bilərik.

-Danışığın gecikməsi hansı yaşdan sonra problem hesab olunur. Yəni, neçə yaşa qədər uşağın dil açmaması normal hesab olunur?

-Bir yaşdan sonra uşaq tək-tək, təxminən, 10-20 arası söz deməyə başlayır. Yaş artdıqca- bir yaş yarımında uşaq istifadə etdiyi aktiv sözləri kiçik cümlələrə, kiçik suallara çevirərək, nitqini zənginləşdirir. Hər yaş artdıqca, nitqi anlaması formalaşarsa, söz ehtiyatı artarsa, cümlənin quruluşu mürəkkəbləşərsə, bu nitqin normal inkişafının göstəricisidir. Əgər uşaq hər aya görə, yaşa görə nitqin anlaması formalaşmazsa, söz ehtiyatını artırmazsa, artırdığı sözlərdən cümlə qurmazsa, bu nitqin gecikməsinin göstəricisidir. Nitqin dinamikası önəmlidir. Yəni, 3 yaşdan sonra uşağın nitqi inkişaf etməzsə təbii ki, nitq inkişafdan qalmış sayılır. Ona görə də 1-3 yaş arası nitqin məhsuldar inkişaf dövrü hesab edilir.

-Uşaqların ünsiyyətcil və daha səlis nitqli olması üçün valideynlərin bilmədikləri hansısa metodlar var?

-Müasir dövrün valideynləri hədsiz informasiyalara sahib olmalarına baxmayaraq, gərgin iş fəaliyyətindən uşaqlarına səmərəli vaxt ayıra bilmirlər. Nitqin inkişafında emosional kontaktın, emosional münasibətin olması çox önəmlidir. Əgər valideynlər uşaqları ilə emosional bağlılığı tənzimləyə bilmirsə, bu uşaqda təkcə onun insanlara kontaktına yox, həm də ünsiyyətinə maneə törədə bilər. Mənim valideynlərə tövsiyəm odur ki, uşaqları ilə canlı ünsiyyətə daha çox üstünlük versinlər. Teatrlarda, kitabxanalarda və s. kimi yerlərdə birgə vaxt keçirsinlər. Ordan aldıqları təəssüratları bölüşərək, valideyn öz uşağının daxilində olan müsbət və mənfi potensialları aşkar edir. Bəzən uşaqda heç bir qüsur olmadan da, ünsiyyətdə çətinliklərlə üzləşirlər.

-Uşağın qüsurlu nitqə sahib olmasında valideynin də səhvi və ya günahı ola bilərmi? Bu problemdə genetik faktorların rolu...

-Heç bir valideyn uşağının qüsurlu olmağını istəməz. Hər bir valideyn istəyər ki, uşağı sağlam inkişaf edib, düzgün nitqə, savada, bacarıqlara sahib olsun. Heç kəs uşağının qüsurlu olmayacağından sığortalanmayıb. Buna birmənalı “bəli” və ya “xeyr” demək düzgün deyil. Sizə misal gətirim: bəzən genetik faktorda heç bir qüsur yox, ana-ata sağlam, ananın hamiləlik dövrü rahat və düzgün keçib, doğuş normaya uyğun olub, lakin uşaq bir yaşında yıxılır travma alır və bu travma nəticəsində uşaqda əqlində, nitqində qüsurlar müşahidə olunmağa başlayır. Yaxud tam əksi- pis vərdişlərə sahib olan ata və ananın çox sağlam, heç bir problem olmayan övladı böyüyə bilər. Yəni, nitq qüsurunun dəqiq səbəblərini sadalamaq mümkün deyil.

-Ən uğurlu hesab etdiyiniz və dil açmasına səbəb olduğunuz üçün özünüzlə fəxr etdiyiniz uşağı bizə də danışın...

-Məxfiliyi qorumağı seçərdim, ad çəkməyəcəm. Təkəbbürlük olmasın, amma mənim uğurlu nəticə əldə etdiyim uşaqlar çox olub. Onların hər biri mənə əzizdir. Mən istərdim ki, onların oxşar cəhətlərtini sizə bildirərək, uğurumu paylaşım: valideynlər usaqları il mənə müraciət etdikdə, onların nitqində nitqin anlaşılmazlığı, söz ehtiyatının zəif olması, cümlənin qrammatik tərəfdən pozulması, səslərin düzgün tələffüz edilməməsi kimi problemlər müşahidə edirdim. Uşağının inkişafını istəyən valideynlər səbirli, işini bilən mütəxəssisi dinləyib, onlara dəstək olduqda işin keyfiyyəti ikiqat artmış olur. Ümumiyyətlə, korreksiya işində üçlük (mütəxəssis, valideyn, uşaq) təşkil olunarsa, onda uşaqda müsbət nəticə daha tez əldə olunar. Peşəkar loqoped təkcə uşağın nitqini yox, eyni zamanda psixoloji, emosional, potensial bacarıqlarını bilərək düzgün sistemli, məqsədyönlü və müasir loqopedik prinsiplərə əsaslanarsa, uğurun bir hissəsini əldə etmiş olar.

-Valideynlərə məsləhətiniz...

-Valideynlərə məsləhətim: Əgər uşaqlarını nitqinin inkişaf etməsini istəyirlərsə, ana bətnindən məktəb dövrünə qədər uşağın mərkəzi sinir sisteminin inkişafı üçün müxtəlif üsullardan istifadə etsinlər. Məsələn: hər yaşa uyğun laylalar, şeirlər, tapmacalar, nağıllar söyləsinlər. Böyük və kiçik motorikanın inkişafı üçün rəqs, idman və s. estetik zövqlərinin formalaşdırması üçün musiqiyə, rəsimə, instrumental alətlərdə ifa etmələrinə sevgi və maraq yaratmağa çalışsınlar. Bu zaman cəmiyyətimiz üçün sağlam, kommunikativ bacarığı olan nəsil böyütmüş olarıq.

Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”
Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”
Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”
Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”
Loqoped: “Valideynlər övladları ilə emosional münasibət qurmurlar, problem budur”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az