“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş 10 Noyabr tarixli üçtərəfli sənədin icrası, sərhədlərin delimitasiya və demarkasiya olunması, nəqliyyat və kommunikasiyaların açılması məsələlərinin intensivləşdirilməsi ilə bağlı oldu. Azərbaycan və Ermənistan arasında hələ də həllini gözləyən məsələlərin həlli və münasibətlərin normallaşması ilə bağlı istər Avropa tərəfinin, istərsə də Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə bütün tərəflər konstruktiv dialoqu davam etdirməyin önəmini vurğulayırlar. İndiki məqamda isə hətta hər zamankından daha çox sadəcə çağırış deyil, konkret addımlar daha vacibdir və Azərbaycanın da gözləntisi bu istiqamətdədir. O aydın reallığı da kənara qoymaq olmaz ki, hər bir tərəf məsələlərin icrası və yekun nəticə ilə bağlı öz maraqlarından da keçmirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloqun sözlərinə görə, Ermənistan tərəfindən zaman-zaman konstruktiv fikirlər səsləndirilsə də, sözügedən dövlət eyni mövqeyi əməli addımlarında nümayiş etdirməyib:
“Məsələyə daha geniş bucaqdan baxıldığı zaman Rusiya və Qərb bloku arasında həm də Cənubi Qafqazda dominant söz sahibi olmaq uğrunda mübarizə gedir. Vasitəçilik missiyasında ilk günlərdən meydanda tək olan Rusiya sonradan bu bölgədə də Qərb blokunu daha qətiyyətli gördü. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi bu məsələyə daha da təkan verdi. Təbii ki, Azərbaycan bütün tərəflərlə danışıqlara açıq olduğu kimi, Rusiya tərəfinin də konkret addımlarını müsbət dəyərləndirəcək. Ən son məlumat odur ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələcək və əlavə etdi ki, o, bu işə fəal qoşulub. Ona görə hesab edirəm ki, bu fəallığın hansı səviyyədə olduğunu uzaq deyil, yaxın günlərdə biləcəyik. İndiki mərhələdə müşahidə olunan odur ki, Rusiya bu məsələ ilə bağlı konkret addımlar atmasa, düşünürəm ki, 6 aprel tarixində Brüsseldə əldə edilmiş razılaşmaların davam etdirilməsində Avropa İttifaqı yenə təşəbbüsləri ələ alacaq”.
Aynurə Pənahqızı Demokrat.az


