Gündəm Özəl

“ATƏT-in Minsk qrupunun dirçəldilməsinə lüzum yoxdur” — YAP-çı deputat

“ATƏT-in Minsk qrupunun dirçəldilməsinə lüzum yoxdur” — YAP-çı deputat

“ATƏT-in Minsk qrupu 28 il fəaliyyəti ərzində demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, hadisələrə real qiymət verilməsi, haqqın-ədalətin bərpa olunması istiqamətində heç bir iş görmədi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının, eləcə də ATƏT-in Minsk qrupunun həyata keçirməli olduğu tədbirləri Azərbaycan prezidenti, müzəffər ordumuz, Azərbaycan xalqı özü gördü: “ATƏT-in Minsk qrupu 28 il ərzində ancaq çoxsaylı səfərlər etməklə, müəyyən danışıqlar aparmaqla öz işlərini başa vurmuş hesab etdilər. Onlar nəinki Azərbaycan mənafelərini müdafiə etdilər, əslində Ermənistana müəyyən hallarda dəstək verdilər. Yəni, təcavüzkarı yerində oturtmağa heç bir cəhd göstərmədilər. Belə olan halda artıq ATƏT-in Minsk qrupu öz səlahiyyətlərini tamamilə itirib və demək olar ki, fəaliyyətsizdir”.

Milət vəkili vurğulayıb ki, bu gün bir çox dairələr, əsasən də Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üçün müəyyən səylər göstərir:

“Ancaq bu, bir xülyadır. Cənab Prezident hələ müharibə başa çatandan az bir müddətdə həmsədrləri qəbul etdi və onların fəaliyyətsizliyini bir daha nəzərlərinə çatdırdı. Bu gün də Azərbaycan respublikasının dövlət başçısı bu fikirdədir və bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bir daha xatırlatdı ki, bizim mövqeyimiz həmişə birmənalı olub. Yəni, biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər fəaliyyətdə olduğu müddətdə Azərbaycana və Ermənistana bəlkə də yüzlərlə səfər etmişdilər. Onların gördükləri işlərin nəticəsi göz qabağında idi, yəni sıfırdır. Hesab edirəm ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Minsk Qrupunun fəaliyyətinin canlandırılamasına heç bir ehtiyac yoxdur. Və onların bu illər ərzində fəaliyyətsizliyi göstərdi ki, bu qurum öz etibarını tamamilə itirib. Cənab Prezidentimizin də bildirdiyi kimi əgər ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını dolğun həyata keçirilsəydi, vaxtında Ermənistana ciddi təzyiq göstərsəydilər, təbii ki, o zaman Ermənistan məcbur olub işğal etdiyi torpaqlardan çıxacaqdı. Və belə olan halda müharibəyə də ehtiyac qalmazdı, ancaq onlar bu təzyiqi etmədilər”.

T.Rzayev bu gün ATƏT-in Minsk qrupunun müəyyən diaspora təşkilatlarının, eləcə də bəzi ermənipərəst qüvvələrin təşəbbüsü ilə fəallaşmasına heç bir lüzum olmadığını qeyd edib: “Azərbaycan bunu qəbul edə bilməz! Artıq ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir təşkilatdır. Onun dirçəldilməsi Azərbaycanın milli maraqlarına heç cür fayda verə bilməz. Azərbaycan münaqişəni özü həll edib. Beynəlxalq təşkilatların etməli olduqlarını özü öz qüvvəsinə həyata keçirib. Bundan sonra da müəyyən məsələlərin həll edilməsini sözsüz yerinə yetirməyə qadirdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az