“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin çox özəl bir əhəmiyyəti var. Çünki Şuşa Azərbaycan mədəniyyətinin gözüdür, Azərbaycan mədəniyyətinin beşiyidir. Hətta, deyərdim ki, bu qurultayın keçirilməsi Azərbaycan tarixi üçün ictimai-siyasi bir hadisədir. Bilirsiniz ki, bu qurultayın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, bu cür müntəzəm qurultayların keçirilməsi dünya azərbaycanlılarının həmrəyliyi baxımından olduqca vacibdir:
“Çünki belə qurultaylarda dünya azərbaycanlıları bir yerə yığışaraq, Azərbaycanın xarici ölkələrdə olan ümumi problemlərini müzakirə edirlər. Yəni, azərbaycanlıların yaşadıqları ölkələrin siyasi həyatına inteqrasiyası və siyasi həyatda özlərinə mövqe tutması baxımından xüsusi əhəmiyyətə malikdir.
Həmçinin, Azərbaycanın haqq işinin həmin ölkələrin rəhbərlərinə çatdırmaq üçün də olduqca vacibdir. Digər tərəfdən də, həmin ölkələrdə azərbaycanlıların çəkisi artdıqca və mövqeyi gücləndikcə, bu, Azərbaycanın özünün imicinin daha da yüksəlməsinə səbəb olur”.
Z.Əsgərov hesab edir ki, hər bir dövlət və xalq bu tip qurultaylar vasitəsilə dünyada təbliğ olunur:
“Ulu Öndərimizin belə bir sözü var idi: "Harada bir azərbaycanlı varsa, orada Azərbaycan var". Digər tərəfdən, azərbaycanlıların olduqları yerdə həmişə Ulu Öndərimiz tövsiyə edirdi ki, Azərbaycan dilini qoruyub saxlayaq. Bu isə olduqca vacib bir məsələdir. Niyə? Çünki dil bizim həm də konstitusion atributumuzdur. Eyni zamanda, dil millətimizin varlığıdır. Xarici ölkələrdə yaşayan soydaşlarımız dilini saxlamağı bacarmalıdırlar ki, assimilyasiya olunmasınlar. Yəni, bizim həmvətənlərimiz həmin ölkələrdə ictimai-siyasi proseslərdə yaxından iştirak etsinlər. Bu həm də Azərbaycan təfəkkürünün qorunub saxlanması baxımından vacibdir. Əgər sən milli mədəniyyətini yaşadığın ölkədə qoruyub saxlayırsansa, demək, milli mədəniyyətini orada da təbliğ edirsən. Dövlət və xalq da ən yaxşı formada bütün dünyada bu cür təbliğ olunur. Bu baxımdan, azərbaycanlıların qurultaya gəlməsinin çox böyük önəmi var”. Millət vəkilinin sözlərinə görə, Şuşaya soydaşlarımızın və 65 ölkədən çoxlu sayda nümayəndənin gəlməsinin xüsusi əhəmiyyəti var: “Onlar Azərbaycanla bağlı həqiqətləri bir daha bizim dilimizdən eşidəcəklər. Bu qurultaya təxminən 400-dən çox insan gələcək. Onlar burada 44 günlük Vətən müharibəsi ilə bağlı xeyli məlumat əldə edəcəklər, eyni zamanda, Qarabağda erməni vandallıqlarını öz gözləri ilə görəcəklər. Azərbaycana qarşı edilmiş kulturalist, ekosit və s. kimi soyqırımların canlı şahidlərinə çevriləcəklər. Təbii ki, onlarla yanaşı Şuşaya xarici nümayəndələr, jurnalistlər də gələcək. Bütün bunları öz yaşadıqları ölkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar ki, bu da böyük bir təbliğat maşınıdır. Bununla da, onlar Azərbaycanın haqq işinə dəstək olacaqlar. Buna görə də, Şuşada Dünya Azərbaycanlılarınını V Qurultayının keçirilməsi böyük hadisədir”.
Aynurə Pənahqızı Demokrat.az


