Gündəm Özəl

Ermənistandakı mitinqlərə insanların böyük qismini pulla cəlb edirlər — AÇIQLAMA

Ermənistandakı mitinqlərə insanların böyük qismini pulla cəlb edirlər — AÇIQLAMA

Son zamanlar Ermənistanda Nikol Paşinyan əleyhinə mitinqlər keçirilməkdədir. Ermənistanda baş verən hadisələri şərh edən politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirdi ki, müxalifətin Paşinyanı devirmək cəhdi alınmayacaq.Çünki Ermənistan əhalisi müxalif qüvvələri çox yaxşı tanıyır və onların nəyə qadir olduqlarını yaxşı anlayırlar:

“Ermənistanda iğtişaşların tərkibinə baxanda görə bilərik ki, orada çox adam təmsil olunmur. Eyni zamanda, mitinqdə aparıcı qüvvə kimi çıxış edən müxalifətin liderlərini hamı yaxşı tanıyır və onların nəyə qadir olduqlarını da anlayırlar. Təbii ki, onların hamısı əlləri korrupsiyaya bulaşmış insanlardır. Ona görə də, sıravi vətəndaşlar yaxşı anlayırlar ki, müxalif qüvvələr yenidən hakimiyyətə gələrsə, onlara nəyi verəcək”.

Politoloq Nikol Paşinyanın müəyyən dərəcədə öz siyasi tərəfdaşlarına arxalandığını qeyd etdi:

“Son prezident seçkilərində, ondan qabaq parlament seçkilərində Paşinyan partiyası üstünlük qazandı. Ona görə də, seçicilərin böyük əksəriyyəti Paşinyanı dəstəkləyir. Həm də Paşinyan onlara yeni gündəlik təklif edir. Hansı ki, bugünədək Ermənistanda olmayan sülh platformasını təbliğ edir. Sülh platforması insanlara ən azı dinc şəraitdə yaşamağını təmin edəcək. Digər tərəfdən də, qonşu ölkələrlə nəqliyyat əlaqələrinin bərpası da Ermənistanın iqtisadi vəziyyətini yaxşılaşdıracaq. Buna ümid edən sıravi vətəndaşlar daha çox Paşinyana dəstək verirlər. O ki, qaldı müxalifətə dəstək verən qüvvələrə, bunlar diaspora nümayəndələridir. Eyni zamanda, müxtəlif ölkələrdən xarici dairələr var ki, onlar regionda vəziyyəti qarışdrmaq niyyətindədirlər. Onlar separatçılara, revanşistlərə dəstək verirlər ki, ölkədə mitinq keçirsinlər. Deyərdim ki, bu mitinqlərə insanların böyük bir qismini pulla cəlb edirlər. Nəzərə almaq lazımdır ki, bu mitinqlərin böyük təsiri olmayacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az