Kriminal Özəl

Zaqatalada qayınatası ilə mübahisə edən gəlin baldızına xəsarət yetirdi — Təfərrüat

Zaqatalada qayınatası ilə mübahisə edən gəlin baldızına xəsarət yetirdi — Təfərrüat

Zaqatala rayonunda 1996-cı il təvəllüdlü Lətifə şəxsi münasibətlər zəminində baldızı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Lətifənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan eidlib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətifə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd sakini Mahir ilə ailə qurub: “Ailə qurduqdan sonra Aşağı Tala kəndində ərim Mahir, qayınatam Əhəd, qayınanam Bahar, və baldızım Sevda ilə bir evdə yaşadıq. İlk öncə mehriban yaşasaq da, sonradan qayınatam, qayınanam, və baldızım mənimlə yola getmədilər. Bir evdə yaşamağımıza baxmayaraq təxminən bir ildir onlarla danışmıram. Mahirlə mənim yeyib-içməyimiz ayrıdır. Mahirlə özüm üçün ayrıca xörək hazırlayıram. Qayınanam isə əri ilə qızı üçün ayrıca xörək hazırlayır”.

Təqsirləndirilən şəxs deyib ki, iyunun 21-də, təxminən saat 18 radələrində yaşadığı evin həyətindəki, üzərində qayınanasının xörək qazanı olan odun sobasına əlindəki kağız parçasını atıb: “Həmin vaxt qayınatam yaxınlaşdı, “sobanın üzərindəki xörək qazanımızın içərisinə nə atdın” dedi. Ünvanıma nəlayiq ifadələr işlətdi, məni söyüb təhqir etdi. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı baldızım Sevda arxadan yaxınlaşaraq saçlarımdan tutdu, məni yerə yıxdı. Həmin vaxt qayınanam üzərimə hüçum çəkdi. Baharla Sevda saçlarımdan tutaraq məni sürüdü, boğaz, sinə və hər iki qolumu dırnaqları ilə cırmaqladılar. Baharla Sevdanın əlindən çıxdım. Ayağa qalxdıqdan sonra Sevdanın burun nahiyəmə yumruq vurdum, ona xəsarət yetirdim. Elə həmin vaxt ərim həyətə gəldi. Məni həyətdən evin içərisinə apardı”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevdanın sözlərinə görə, Lətifə qardaşı Mahirlə ailə qurduqdan sonra ilk öncə onlar mehriban yaşasalar da, sonradan Lətifə onunla və valideynləri ilə yola getməyib: “Bu səbəbdən aramızda tez-tez söz-söhbətlər baş verdi. Təxminən bir ildir mən və valideynlərim bir evdə yaşamağımıza baxmayaraq Lətifə ilə danışmırıq. Onunla valideynlərimin yeyib-içməkləri ayrıdır. Lətifə Mahirə, anam isə bizə ayrıca xörək hazırlayırlar”.

Zərərçəkmiş qeyd edib ki, yay aylarında yaşadıqları ev qızmasın deyə onun anası xörəkləri həyətlərindəki odun sobasının üzərində bişirir: “İyunun 21-də, təxminən saat 18.20-də yaşadığı evin içərisində olduğum zaman həyətdə Lətifənin atamla mübahisə etdiyini eşitdim. Buna görə evdən həyətə düşdüm. Həyətə düşdüyümdə orada atamın olmadığını, anamla Lətifənin olduğunu gördüm. Həyətə düşüdüyüm zaman Lətifənin xörək qazanının qapağını qaldırdığını, buna görə atamla aralarında mübahisə yarandığını bildim. Buna görə də Lətifəyə “bizim xörək qazanımızla nə işin var” dedim. Bu zaman Lətifə qəfil üzərimə hücum çəkdi, burnuma bir dəfə yumruq vurdu. Bu zaman burnumdan qan gəldi. Qanı gördüm, qorxdum və qışqırdım. Həmin vaxt Mahir həyətə gəldi və Lətifəni evin içərisinə apardı. Mahirin ardınca atam həyətə gəldi. Atam xəsarət aldığım üçün məni xəstəxanaya apardı”.

Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alınır.

Bu səbəbdən Lətifənin barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az