Yay fəslinin Azərbaycanda illərdir ki, gündəmə dönə-dönə qaytardığı mövzulardan biri də “Dəniz və hasar” problemidir.
İllərdir ki, Abşeron yarımadasının Xəzərlə sərhədləri boyunca 5-6 metr hündürlükdə, bir neçə kilometrlik hasarlar çəkilib və bu gün də bu proses davam edir. Dövlət qurumlarının, parlamentdən ayrı-ayrı deputatların çağırışları da kara gəlmir – hasarlar qalır, hasarlanma davam edir. Xəzərin hasarlanması problemi parlamentdə də ötən gün deputat Razi Nurullayev tərəfindən yenidən qaldırıldı. Deputat dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağanın qanunla təsbit edilməsini və dənizi hasarlayanların hasarı və mülkləri sökülməsi ilə bağlı da təklif irəli sürdü.
Azərbaycanın Xalq artisti Rasim Balayev təkliflə bağlı Demokrat.az-a fikrini bildirdi. Aktyor bu təklifi yüksək dəyərləndirdiyini vurğuladı:
“Əslində, bir vətəndaş kimi Xəzər sahillərinin hasarlanmasına pis baxıram və bunu düzgün hesab etmirəm. Çünki dənizi Allah bütün adamlar üçün yaradıb. Ancaq bəzi şəxslər dənizi hasarlayırlar, çəpərləyirlər. Yəni, insanların ora rahat şəkildə daxil olmasına əngəl törədirlər. Bundan başqa, yay mövsümündə dəniz sahilinə getmək də müşkül məsələdir. Çünki biri qapıya stol qoyur və stolun birini 5-10 manata satır. Hesab edirəm ki, bunların qarşısı birdəfəlik alınmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


