“Tütün məhsullarının qiymətlərinə tətbiq edilən artımla həm razılaşan, həm də razılaşmayan vətəndaşlar var. Doğrusu, hər iki tərəf haqlıdır. Kim istəyər ki, hansısa məhsulun, eləcə də siqaretin qiyməti artsın? Yəni, bununla razılaşmamaq təbiidir. Digər tərəfdən isə, bir qrup insan düşünür ki, qiymət artımı tütün istifadəçilərinin müəyyən qədər azalmasına səbəb olacaq. Açığı, bu kəsimin fikri ilə şəxsən daha çox razılaşıram”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat qeyd edib ki, istənilən halda, tütün məhsullarından istifadənin azaldılması üçün mübarizə aparılır: “Qiymət artımı nəticəsində bir tərəfdən büdcəyə daha çox maliyyə daxil olduğu halda, digər tərəfdən, istifadəçilər siqaretə daha az pul xərcləyirlər. Onu da qeyd etmək lazımdır ki, bir sıra qabaqcıl Avropa ölkələrində və ABŞ-da tütün məhsullarının qiymətinin artması nəticəsində büdcəyə daxil olan əlavə vəsaitlər tibb müəssisələrinə cəlb edilir. Yəni, həmin əlavə vəsait tütün məhsullarından asılılığı olan insanların müalicəsinə və yaxud da siqaretdən istifadənin azaldılması üçün maarifləndirmə tədbirlərinə sərf edilir”.
Demokrat.az


