“Ərzaq məhsulları ilə bağlı artıq 10 ildir ki, dinamik bahalaşma gedir”.
Bunu Demokrat.az-a iqtisadçı-ekspert Fuad İbrahimov deyib. Ekspertin sözlərinə görə, yaxın illərdə də bahalaşma sürətlə davam edəcək:
“BMT-nin ərzaq təhlükəsizliyi ilə bağlı hər il bülletenində ardıcıl olaraq ümumi göstəricilərdə bahalaşma müşahidə olunur. Pandemiya dövrü də bu prosesi daha da problemləşdirdi. Nəzərə almaq lazımdır ki, dünyanı inflyasiya bürüyüb. Bütün ölkələr humanitar və fiskal siyasətlə çalışırdılar ki, pandemiyanı yumşaltsınlar. Bununla da, dünyada bütün ölkələr pandemiya ilə mübarizəyə görə sahibkarlığa və digər göstəricilərə yardım edirdilər. Bunun nəticəsidən də təbii ki, dünyada inflyasiya olmalı idi”.
F.İbrahimov bir çox ölkələrin bu gün strateji məhsullarla bağlı ixracatını dayandırdığını bildirdi:

“Bu yaxınlarda Qazaxıstan da elan etdi ki, buğdanın ixracını dayandırır. Qardaş Türkiyə də kərə yağı ilə bağlı ixracatı dayandırdı. Düzdür, bizə ixracla bağlı güzəştlər edir. Ancaq, bu, o demək deyil ki, bizdə qiymətlər bununla ucuzlaşmalıdır. Çünki maya dəyəri artıq baha başa gəlir. Maya dəyərində bahalaşmalar olduğu üçün də artıq məhsullar bu qiymətlərlə ölkəmizə gəlir. Ancaq sahibkarların bunu hansı qiymət fərqi ilə qoyduğu da nəzarətdə saxlanılmalıdır, yəni camaatın istehlak səbətinə girməməlidirlər. Bu nöqteyi-nəzərdən hökumət obyektiv şəkildə buna nəzarət etməlidir”.
İqtisadçı bolluğun olacağı təqdirdə qiymətlərdə enmənin də ola biləcəyini vurğuladı:
“Bolluq olarsa, o zaman qiymətlərdə enmə müşahidə oluna bilər. Əgər bu gün kəndlərdəki əkin sahələrini lazımsız bir obyektə çevirsək, ciddi qıtlıqla üzləşə bilərik. “Torpaq bu gün bizi qidalandırmır” siyasətinə üz tutsaq, əlbəttə ki, onun qarşısını ala bilməyəcək. Bu gün biz bunları düzgün hesablamalıyıq. Bu gün özümüzü taxılla təmin edə bilərik, amma digər problemlərimiz də yarana bilər. Bütün torpaqlarımızda taxıl əkməklə də, digər sahələrdə problemlərimiz yarana bilər. Ona görə də, çox tarazlı makro-iqtisadi siyasət yürütmək lazımdır. Bu gün ərzaq məhsullarının çatışmamazlığından qiymətlərdə bahalaşma əmələ gəlir”. Aynurə Pənahqızı Demokrat.az


