Media Özəl

Qulu Məhərrəmli: “Bizdə cəmiyyət, tamaşaçı qarşısında məsuliyyət unudulub”

Qulu Məhərrəmli: “Bizdə cəmiyyət, tamaşaçı qarşısında məsuliyyət unudulub”

“Bu gün televiziyalarımızda ən ciddi problem şou proqramlarının təşkili ilə bağlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib. Ekspert ən çox irad tutulan verilişlərin ucuz sensasiya yönəli müzakirələr olduğunu vurğulayıb:

“Xüsusən televiziyalarda ailə-məişət, insan münasibətləri, ailədaxili məsələlərin müzakirəsində çox ciddi və ictimaiyyətin böyük hissəsinin qəbul etmədiyi məqamlar var. Məncə, televiziyalar bundan imtina etməlidir. Hesab edirəm ki, şou yaxşıdır və əyləncə proqramı olmalıdır. Çünki buna tələbat var”.

Onun sözlərinə görə, bu gün ən ciddi məsələ, ən böyük problem bu sahədə peşəkarlığın olmamasıdır: “Ekran müəyyən davranışlar, müəyyən çərçivələr tələb edir. Yəni, mikrofon və kamera olan yerdə tamaşaçı var. Ona görə də, aparıcı da, studiyada əyləşənlər də nə dediyinin fərqində olmalıdır. Bizdə cəmiyyət, tamaşaçı qarşısında məsuliyyət unudulub. Ona görə, bu cür sensasiyalı məlumatlar verməklə, tamaşaçı auditoriyası toplamağa çalışılır”.

Audiovizual Şuranın televiziya yayımçılarına xəbərdarlığını ciddi şəkildə dəstəklədiyini deyən ekspert əlavə edib ki, bu cür davranışlar mütləq şəkildə cəzalandırılmalıdır:

“Bəzən yuxarı qurum, tənzimləyici qurum məzmuna müdaxilə etmir. Amma, onun borcudur ki, belə yayımlara reaksiya versin. Ona görə, televiziyalar unutmamalıdır ki, onların verilişləri auditoriya, normal insanlar üçündür. Təkcə, küçə insanları, yüngül düşüncə adamları üçün deyil. Ona görə, bunlar nəzərə alınmalıdır və verilişlər hazırlanarkən bu məqamlara xüsusi diqqət edilməlidirlər. Əslində, bunların cəzalandırma yolu ilə düzələcəklərinə də inanmıram. Çünki, təxminən 15 ilə yaxındır ki, bizim televiziyalarda bu cür verilişlər gedir. Düzdür, son 2-3 ildə Audiovizual Şuranın çağırışı, ictimai təpkilər, parlamentdə də buna münasibətlər bildirilmiş və bundan sanki nəticə çıxartmışdılar. İndi də yenidən o cür bayağı proqramlar hazırlamağa başlayıblar, bayağı aparıcılar efirlərdə meydan sulayır. Bunun nəticəsində də dediyimiz narazı məqamlar ortaya çıxır. Fikrimcə, əgər onlar bunu daxildən borc, məsuliyyət hiss edib, ondan nəticə çıxartmırlarsa, bunun sonda müsbət nəticəsi olmayacaq. Düzdür, bu gün cərimələnəcəklər, amma bir aydan sonra cərimə yaddan çıxacaq və yenidən əvvəki davranışlarına qayıdacaqlar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az