Gündəm Özəl

“Minsk qrupunun olmaması Azərbaycanın maraqlarına uyğundur” — ŞƏRH

“Minsk qrupunun olmaması Azərbaycanın maraqlarına uyğundur” — ŞƏRH

Rusiya tərəfinin Minsk qrupunda təmsil olunmayacağı sözügedən qrupun format dəyişikliyi məsələsini aktuallaşdırıb. Belə ki, təşkilatda həmsədrlərin dəyişilməsi, üzv ölkələrin hansısa birinin həmsədr olaraq seçilməsi məsələsi gündəmdədir. Maraqlıdır, format dəyişikliyi Azərbaycana nə verə bilər? Həmsədr olaraq hansı ölkələrin seçilməsi konstrtuktiv mövqenin sərgilənməsi ilə nəticələnər?

Suallarımızı cavablandıran siyasi-şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsi de-fakto Minsk qrupundan çıxması deməkdir:

“Moskva Minsk qrupunun işləməməsinə görə ABŞ və Fransanı ittiham edirdi. Ukraynadakı müharibədən sonra onsuz da mövcud olmayan bu format gündəmdən çıxmışdı. Rusiyanın xüsusi nümayəndə təyin etməsi isə artıq Minsk qrupunun keçmiş olduğunu deməyə əsas verir. Minsk qrupunun olmaması Azərbaycanın maraqlarına uyğundur. Bununla yanaşı, Brüssel görüşündə Azərbaycan və Ermənistan ikitərəfli formatda danışıqlar aparmaq qərarına gəldilər. Rusiyanın bu formata müdaxilə edəcəyi gözlənilirdi, lakin xüsusi nümayəndənin təyin edilməsi Moskva tərəfindən də yeni formatın qəbul edilməsi kimi anlaşıla bilər. Təbii ki, Rusiyanın əsas niyyəti Cənubi Qafqazda vasitəçilik üzərindən öz təsir imkanlarını saxlamaqdır. Lakin yeni reallıqların qəbul edildiyini də görürük”.

“Minsk qrupunun olmaması Azərbaycanın maraqlarına uyğundur” — ŞƏRH

A.Nərimanlı ABŞ və Fransanın Minsk qrupu formatından tamamilə imtina etmədiyini vurğuladı:

“Mümkündür ki, onlar Rusiyanın yerinə digər həmsədrin gətirilməsində maraqlı olsunlar. Bu vəziyyətdə Türkiyənin həmsədr olması şansı daha çoxdur. Bunu həm Azərbaycan istəyir, həm də Qərb də Rusiya qarşısında güclənmək üçün Türkiyə amilindən istifadə edə bilər. Lakin fikrimcə, artıq yeni format Minsk qrupu olmayacaq. Burada daha çox Rusiya və Türkiyənin iştirak edə biləcəyi format daha real görünür. Qərb ölkələri də bölgə üzərindəki maraqlarını Türkiyə vasitəsilə həyata keçirə bilərlər”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az