Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Görüş barədə fikirlərini Demokrat.az-a şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirdi ki, Albaniya Azərbaycan dövləti üçün strateji əhəmiyyəti olan ölkədir. Analitik qeyd edib ki, çünki Azərbaycanın Avropaya nəql edilən enerji daşıyıcıları Yunanıstandan Albaniyaya keçir:
“Görüş təbii ki, Avropa üçün çox həyatı bir anda baş tutub. Rusiyanın Ukraynaya hücum etməsi ilə əlaqəli Avropanın qaz təchizatında Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqəli yaranan enerji krizi dövrünə təsadüf edir. Avropa ölkələri Rusiyadan aldığı qaza qismən və kömürə isə tamamilə satış embarqosu qoyduqdan sonra Avropanın enerji daşıyıcılarına olan təlabatında ciddi çatışmazlıqlar yaranıb. Avropa ölkələri Rusiya qazından da tamamilə imtina etmək üçün yollar axtarır. Belə bir şəraitdə Avropanın Azərbaycan qazına olan tələbatı artır”. 
Politoloq Azərbaycanın Orta Asiya və İran qazının da Avropaya çıxarmaq potensialına malik ölkəd olduğunu vurğuladı: “Bu baxımdan da, hal-hazırda mövcud olan Trans Adriatik Boru Kəməri(TAP) 10 min kub qaz ötürmək potensialı ilə 2021-ci ildə işə düşdü. İndiki beynəlxalq geosiyasi və geoiqtisadi durumda bunun artırılması Rusiyanın enerji daşıyıcılarından siyasi məqsədlə istifadə etməsinin qarşısını almaq üçün vacib şərtə çevrilib. Azərbaycan artıq yeni beynəlxalq şəraitdə həm bilavasitə, həm də tranzit potensialı ilə Avropa üçün vazkeçilməz ölkəyə çevrilib”.
A.Qasımov bu rolun Azərbaycan üçün maddi qazancdan çox siyasi üstünlüklərinin olacağını qeyd edib: “Avropa Birliyinin Azərbaycan-Ermənistan arasında sülh bağlanmasına yönəlik addımları da hesab edirəm ki, bununla bağlıdır. Təbii ki, Albaniya da tranzit və istehlakçı ölkə kimi bu kəmərdən öz qazancını götürür. Ölkə rəhbərlərinin görüşündə hesab edirəm ki, yeni daha çox ötürücülük gücünə malik qaz kəmərinin çəkilməsi perspektivləri də müzakirə olunub. Azərbaycanın Xəzər dənizinin ona aid olan sektorunda hələ işlənməmiş yataqlarının olduğu da məlumdur. Bura Türkmənistan qazının Xəzərin dibi ilə Avropaya ötürülməsi perspektivini də əlavə etsək, çəkilməsi durumunda Avropa ölkələri böyük ölçüdə rahat nəfəs ala bilər. Rusiyanın buna maneçilik törədəcəyinə şübhə etməsək də, Türkmənistan-İran quru yolu ilə tranzit də gündəmdə olacaq”. Aynurə Pənahqızı Demokrat.az


