Baş nazirin imzaladığı yeni qərar Azərbaycanın beynəlxalq daşımalarda həm sərnişin, həm də yükdaşıma xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən yeni qərarın necə icra ediləcəyini şərh ediblər.
Yükdaşımalarla bağlı yeni qaydalar milli avtodaşıyıcıların beynəlxalq dəhlizlərdə çəkisini artıracaq. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları"nda öz əksini tapıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov bu qaydanın nələri əhatə etdiyini açıqlayıb.
Sübhan Əbilov bildirir ki, yeni qaydaların əsas məqsədi beynəlxalq sərnişin və yükdaşımaları həyata keçirən milli şirkətlərin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları" haqqında qərarı dərc edildiyi gündən bir il sonra qüvvəyə minəcək. Bir il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi operatorların uçotunun aparılması üçün müvafiq hazırlıq işləri həyata keçirəcək. "Daşıyıcı bələdçisi" xidməti çərçivəsində daşıyıcılarla görüşlər təşkil ediləcək, onlara lazımi izahlar və metodiki dəstək göstəriləcək.
Demokrat.az


