Yevlax rayonunda 1994-cü il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il aprelin 6-da baş verib.
Sahib yaşadığı evdə ailə-məişət münasibətləri zəminində qardaşı arvadı Lətifə ilə mübahisə edib. O, Lətifəni yumruq və təpik zərbələri ilə vurub.
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lətifə onun qardaşının arvadıdır, həm də keçmiş arvadı Mətanətin bacısıdır. Onun sözlərinə görə, aprelin 6-da, saat təxminən 13.00-da Lətifə ilə ütü üstündə mübahisələri düşüb: “Əsəbi olduğumdan əlimdəki çay stəkanını Lətifənin baş hissəsinə tərəf atdım. Stəkan divara dəyərək sındı. Qırıqları Lətifənin qoluna və üzünə dəydi”.
Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb.
Sahib 300 saat ictimai işlər cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


