“Çox təəssüf ki, 30 il ərzində Azərbaycan bir çox məsələlərdə ədalətsizliyə, ikili standartlara məruz qalmışdır”.
Bunu Demokrat.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Cənab İlham Əliyevin də vurğuladığı kimi, bu ikili standart özünü Xankəndində qazın verilməsi ilə bağlı məsələdə də açıq büruzə verdi. Çox təəssüf ki, Naxçıvan 15 il qazsız qalanda dünya dövlətləri buna susdu. Naxçıvanın illərlə qazsız qalmasını heç kim humanitar fəlakət hesab etmədi. Təbii ki, bütün bunlar Azərbaycana qarşı ikili standartlar və ayrı-seçkilikdir. Bu gün də dünya ermənilərin vəhşiliklərinə susur. Qarabağı tamamilə darmadağın etdikləri göz önündədir, lakin dünya dövlətlərindən heç bir reaksiya görmürük. Biz Naxçıvana qazın nəql olunması, dəmir yolu ilə də bağlı illərlə ciddi problemlər yaşadıq. Amma bununla bağlı Ermənistana söz deyən olmadı”.
“Çox maraqlıdır ki, Xankəndinə qaz nəqli texniki səbəblərdən dayanandan sonra dünyanın hər yerindən Azərbaycana təzyiqlərə edilməyə başlanıldı. Ancaq Azərbaycanın haqq məsələsində mövqeyinin dəstəkləndiyini görmədik. Bu, bir daha ikili yanaşmaları göstərir. Hesab edirik ki, nəhayət beynəlxalq qurumlar, xarici dövlətlər ikili standartlarına, qərəzli yanaşmalarına son qoyacaqlar,”- deyə deputat vurğulayıb.
Aynurə Demokrat.az


