Sosial Özəl

Yay mövsümündə ölkədaxili turizm qiymətlərinin artması gözlənilir?

Yay mövsümündə ölkədaxili turizm qiymətlərinin artması gözlənilir?

Yay fəslində həm yerli, həm də xaricilər turistlər istirahət üçün bölgələrə üz tuturlar. Karantin qaydalarının yumuşaldımasının daxili turizmin canlanmasına səbəb olacağı gözlənilir. Azərbaycan Turizm asossasiyasının sədri Əhməd Qurbanov Demokrat.az saytına müsahibəsində bildirib ki, əvvəllər bölgələrdə qonaq evləri və kirayə mənzillərin sayı az olduğundan insanlar daha çox otellərə üstünlük verirdilər.

“Turistlər 2 hissəyə bölünür: bir hissə, əgər, bir neçə ailə böyük geniş ailələr istirahətə getmək istiyirlərsə, onlar daha çox evdə qalmağı üstün tuturlar. Çünki ev böyük olur, geniş olur və qiyməti də ümumi ailənin sayına böldükdə daha onlara sərfəli olduğu üçün evə getməyə üstünlük verirlər. Lakin daha kiçik ailədirsə və yaxud 2-3 nəfərlik qrupdursa, onlar oteldə qalmağa üstünlük verirlər. Çünki otelin şəraiti evdən daha rahatdır.”

Vətəndaşlar vaxt itkisi baxımından paytaxta daha yaxın olan ərazilərə getməyə üstünlük verirlər. Quba, Qusar, Qəbələ və Şəki zonaları ən çox turist qəbul edən bölgələrimizdir. Oğuz, Gədəbəy, Qax kimi uzaq bölgələrə isə əsasən uzunmüddətli səyahətlər üçün gedirlər. Bu isə rayonlarda həm otellərin, həm də kirayə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək.

Qaxdakı otellərin birinin administratoru Yusif Şahidov deyir ki, hazırda qiymətlər 60 manatdan başlayır.

“Zəif sezon olduğuna görə qonaqlarımız çox azdır. Amma yayda qonaqları cəlb etmək üçün tədbirlərimiz olur. Kənd həyatı timsalında bir guşə yaradacayıq. Qonaqların marağına səbəb olacaq. Yayda qiymətlərimiz indiki qiymətlərdən 20-30 faiz baha olacaq.”

Kirayə ev verən Vaqif Aydın isə yayda qiymətlərin fərqli olacağını qeyd etdi.

“Hər otağa 30 manat nəzərdə tutulubdur təxminən. Amma yayda ola bilsin ki,müəyyən artımlarda olsun. 15-20 faiz artım ola bilər. Mən onu qabaqcadan proqnoz edə bilmərəm.”

AZTA-nın sədri Əhməd Qurbanov sonda onu da əlavə etdi ki, istirahət fəslində hər kəs dincəmək istəyir. Ona görə süni qiymət artımına qətiyyən yol vermək olmaz.

“Biz hər zaman monitorinqlər zamanı sahibkarlarla danışırıq və tövsiyə edirik ki, şişirdilmiş qiymətlərə yol vermək olmaz, qiymət siyasətinə yenidən baxılmalıdır. Amma bir səbəb də ondan ibarətdir ki, bizdə regionlarda otellərin sayı yenə də azlıq təşkil edir. Əgər biz 5 ulduzlu otellərdən əlavə 4,3,2 ulduzlu otellərin sayını artırsaq, hostellər, qonaq evləri daha da artarsa, rəqabət şəraiti nəticəsində qiymətlərin tənzimlənər. Bu da istər-istəməz bazarda qiymət endiriminə səbəb olacaq.”

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar ötən illərdə rayonlara səfər edənlərin 80%-ni yerli turistlər təşkil edirdi.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az