Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır
Demokratiyanın əsas göstəriciləri söz və məlumat azadlığıdır. Çünki bu prinsiplər dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır.
Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Bildiyimiz kimi, fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Bəs son illər ölkəmizdə bu sahədə hansı mmüsbət addımlar atılıb? 
“Media mühiti deyəndə media üçün normal qanunvericilik bazasının olması, medianın normal maliyyə-iqtisadi mənbələrinin formalaşması, bu sahə üçün təhlükəsizlik mühitinin olması, eyni zamanda etik standartlara bağlılıq məsələsi əsas amil kimi götürülür. Bu baxımdan, dəyərləndirmə aparsaq deyə bilərik ki, Azərbaycanda media üçün çox mükəmməl bir qanunvericilik bazası hazırlanıb. Beləliklə, media üzərində hər hansı dövlət tənzimləyici orqanı yoxdur. Əlavə olaraq, medianın sərbəst fəaliyyət göstərməsi üçün çox mükəmməl qanun var idi, indi də yeni “Media haqqında“ Qanun da işlənib hazırlanıb“. 
“Yeni qanunvericilikdə jurnalistin statusu, onun hüquqları, söz və fikir azadlığının təmin olunması üçün çox geniş maddələr mövcuddur. Bu maddələr ölkədə söz azadlığının hüquqi bazasının demokratik olduğunu göstərir. İkinci tərəfdən isə bütün dünyada olduğu kimi Azərbaycanda da medianın müəyyən iqtisadi problemləri var. Amma məsələ ondadır ki, dövlət öz üzərinə düşən missiyanı yerinə yetirir, kütləvi informasiya vasitələrinin institutlaşması, inkişaf etməsi, peşəkarlaşması üçün özünün dəstəyini göstərir. Bu məqsədlə Azərbaycanda xüsusi konsepsiya qəbul olunub. Yəni, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası mövcuddur. Eyni zamanda, bu konsepsiyanı icra etmək üçün xüsusi agentlik yaradılıb. Təbii ki, Medianın İnkişafı Agentliyi bunun bariz nümunəsidir. Azərbaycan yeganə ölkədir ki, burada 60-dan yuxarı KİV qurumuna müxtəlif formatlı maliyyə dəstəyi göstərilir. 
Ekspertin sözlərinə görə, Azərbaycan dövləti bu sahədə də mühüm addımlar atır:
“Bu gün bu sahədə təhlükəsizlik mühiti yüksək səviyyədədir. Çünki dövlət Azərbaycan jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün ən yüksək səviyyədə addımlar atır, proqramlar icra edir. Təbii ki, müəyyən təhdidlərə, pozuntulara da biz rast gəlirik. Amma bunlar ümumi fonda medianın ümumi durumuna təsir göstərəcək formada deyil. Məsələnin digər tərəfi dünyada söz və ifadə azadlığının təmin olunması üçün alternativ informasiya mənbələri mühüm faktor kimi götürülür. Azərbaycanda da alternativ informasiya mənbələri kifayət qədər inkişaf edib. Xüsusi olaraq internet media, sosial media ümumilikdə alternativ informasiya mənbəyi kimi çıxış edir və Azərbaycanda informasiya təminatını yüksək səviyyədə qurulmasını həyata keçirirlər”. 
Media eksperti, əməkdar jurnalist Azər HəsrətDemokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan faktiki olaraq çağdaş dövrün ən mütərəqqi qayda və qanunları çərçivəsində yaşayan və buna sadiq olan dövlətlərdən biridir:
“Əlbəttə ki, bu sahədə qüsurlar var. Amma ümumi götürəndə nəzərə almalıyıq ki, həm müstəqilliyin qısamüddətli olması, həm də kifayət qədər sərt bir total rejimdən çıxmağımız buna təsir göstərib. Çünki Sovet İttifaqı elə bir rejim idi ki, orada həqiqətən də fikir plüralizmi, ifadə azadlığı yer yox idi. Yəni, insanların canında belə məsələlər hələ də qalıb. Qeyd edim ki, Azərbaycan dövləti qanunvericilik bazası çərçivəsində, konstitusiyadan başlayaraq müvafiq qanunlara qədər mümkün olan hər şeyi edir. Yəni dünyada qəbul edilən hər şeyi edir ki, insanlar fikir və ifadə azadlığından ən yüksək səviyyədə bəhrələnə bilsinlər. Bunun üçün həm qanunlar çərçivəsində, həm də ki, dövlətin iradəsi çərçivəsində şərait yaranıb”. 

Aynurə Pənahqızı Demokrat.az
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu:Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi


