Dünya Özəl

İran parlamenti ABŞ-dan nüvə sazişi ilə bağlı hüquqi təminat istədi

İran parlamenti ABŞ-dan nüvə sazişi ilə bağlı hüquqi təminat istədi

İran parlamentindəki deputatların əksəriyyəti Vyana nüvə danışıqlarında barışıq üçün müəyyən şərtlər, o cümlədən ABŞ-ın birtərəfli qaydada sazişdən bir daha çıxmayacağına dair hüquqi təminat irəli sürüb.

Demokrat.az-ın İRNA-ya istinadən xəbərinə görə, 290 yerlik parlamentdə 250 deputatın imzaladığı bəyannamədə Assambleyanın mümkün nüvə razılaşması üçün şərtləri qeyd olunub.

Bəyanatda ABŞ prezidenti Co Baydenin bəyanatları da daxil olmaqla, Vaşinqtondan verilən şifahi vədlərin təminat sayılmayacağı, ABŞ-ın gələcəkdə sazişdən birtərəfli qaydada çıxmayacağına dair hüquqi təminatlar verməli olduğu qeyd edilib. Həmçinin,mümkün razılaşmanın ABŞ Konqresi tərəfindən təsdiqlənməli olduğu bildirilib.

Razılaşma çərçivəsində İranın qurum, təşkilat və şəxslərinə qarşı yeni sanksiyaların tətbiqinin də qadağan edilməli olduğu, ləğv edilmiş sanksiyaların bir daha tətbiq olunmayacağına təminat istənilib.

İmzaladıqları bəyanatda İranın neft ixracını rahat həyata keçirə bilməsi və gəlirini sərbəst şəkildə ala bilməsi lazım olduğunu vurğulayan deputatlar, Tehranın ABŞ sanksiyaları səbəbindən müxtəlif ölkələrdə dondurulmuş maliyyə aktivlərinin sərbəst buraxılmasına çağırış ediblər.

Zamiq Demokrat.az

D
demokrat.az