Göygöl rayonunda 1999-cu il təvəllüdlü Nicat şəxsi münasibətlər zəminində atası Malikə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonu, Çaykənd kəndində baş verib. Nicat həmin kəndə yerləşən evlərində televizorun uzaqdan idarəetmə qurğusunu tapa bilmədiyi üçün ailə üzvlərinə uca səslə öz etirazını bildirib.
Bu zaman sərxoş vəziyyətdə olan atası Malik onun uca səslə danışmasından hiddətlənib və mübahisə edib. Malik oğlu ilə əlbəyaxa olaraq əl zərbələri ilə onun sifət nahiyəsinə bir neçə dəfə zərbə vurub.
Bu zaman Nicat evdə masanın üzərindən götürdüyü bıçaqla atasının qarın və döş nahiyələrinə 3 dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü saat təxminən 19.30-da işdən evə gəlib: “Televizor olan otaqda əyləşdim. Anam Mərziyə isə yemək hazırlamaq üçün mətbəxə getdi. Televizor işlək olsa da, pultunu tapa bilmədiyimdən anamdan pultun harada olduğunu soruşdum. Anam isə atamın yatdığı otaqdan pultu gətirdi. Bildirdi ki, atam məndən əvvəl televizora baxıb, həmin vaxtı da pultu yadından çıxararaq özü ilə yataq otağına aparıb. Mən də atamın bu hərəkətinə narazılıq etdim, televizora baxmağa başladım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, saat təxminən 20 radələrində atası Malik yatdığı otaqdan çıxıb: “Atam qışqıraraq mənə “nə olub? Yadımdan çıxıb otağa aparmışam də” - deyərək mübahisə etməyə başladı. Atam nalayiq sözlərlə məni təhqir etdi, sifət nahiyəmə bir neçə dəfə yumruq zərbələri vurdu. Atamın əlindən çıxaraq yaxınlıqdakı masanın üzərində olan qulp hissəsi olmayan bıçağın tiyəsini götürdüm. Atam yenə də yaxamdan tutaraq sifətimdən yumruqla vurdu. Bıçaqla atamın qarın nahiyəsinə 2-3 dəfə zərbə endirdim. Lakin atam yenə də məni yumruqla vurmağa davam etdi. Atam məni döyməyə davam etdiyindən sonuncunu itələdim, qaçaraq evdən küçəyə çıxdım. Evdən bir az aralıda qaranlıqda 2 saata yaxın müddətdə gizləndim. Sonra evə gedəndə evdə heç kəsin olmadığını gördüm. Anama zəng etdim. Anam xəstəxanaya getdiklərini dedi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Nicat 2 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


