“Cənab İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü Azərbaycan-Avropa İttifaqı arasında olan münasibətlərin daha yüksək xətlə inkişaf etdiyini göstərir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Mahir Abbaszadə deyib. Deputat qeyd edib ki, bu, regionumuzda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində də mühüm səfər kimi qeyd edilməlidir:
“Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Azərbaycan tərəfinin irəli sürdüyü 5 maddədən ibarət təkliflər danışıqlar mövzusu oldu. Təbii ki, görüşdə sülh danışıqlarının müzakirəsi Azərbaycan prezidentinin apardığı uğurlu xarici siyasət kimi qiymətləndirilməlidir. Digər tərəfdən, bundan əvvəl keçirilmiş görüşlərdə də əsas məqsədlərdən biri regiona sülhün gətirilməsi, post-müharibə dövründən sonra regionda əlaqələrin yaranması, kommunikasiyaların bərpa edilməsi idi. Bu kommunikasiyaları bərpa etməkdə əsas məqsəd regionun iqtisadi inkişafına, iqtisadi yüksəlişinə nail olmaqdır. Ona görə də, hesab edirəm ki, bu səfər mühüm qiymətləndirilməlidir”.
M.Abbaszadə əlavə edib ki, post-müharibə dövründə əsas məqsədlərimizdən biri sərhədlərin bərpa edilməsi, kommunikasiyaların açılması, sərhədlərimizdə delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsidir:
“Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturunun bərpa olunmasıdır. Azərbaycan prezidentinin Brüsselə səfəri bu məsələlərin bundan sonra da yüksək səviyyədə davam edəcəyini göstərir. Bütövlükdə, bu səfər Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilməlidir. Çünki Brüssel səfərinin mahiyyətində Azərbaycan xalqının milli maraqlarının qorunması, işğaldan azad olunan ərazilərin bərpa quruculuq prosesi, ərazilərin minalardan təmizlənməsi ilə bağlı olan vacib məsələlər dururdu. Digər tərəfdən əsir və girov düşmüş insanların dəyişdirilərək, yaxud da geri qaytarılmasını təmin etmək idi. Habelə, sərhədlərimizdə davamlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından bu görüş vacib idi. Hesab edirəm ki, bu səfər gələcəkdə region üçün mühüm əhəmiyyət kəsb edəcək. Yəni, cənab prezident İlham Əliyevin Avropa İttifaqı ilə qurduğu ikitərəfli münasibətlər və Avropa İttifaqında təmsil olunan dövlətlərlə aramızda olan mühüm münasibətlər imkan verəcək ki, bundan sonrakı münasibətlər də yüksələn xətlə inkişaf etsin. Azərbaycan Avropa İttifaqı ilə yaxın təmaslardadır. Çünki Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması mühüm amil kimi götürülür. Bu da təbii ki, Cənubi Qafqazın böyük dövləti olan Azərbaycanın nüfuzundan irəli gəlir. Başqa bir tərəfdən biz nəzərə alsaq ki, Azərbaycan dövləti bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində yaxından iştirak edir. Azərbaycanın rəhbərlik etdiyi və memarı olduğu qaz təchizatı ilə bağlı layihələr Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, cənab İlham Əliyevin apardığı siyasi, diplomatik səylər artıq böyük səmərələr verməkdədir”.
Bu səylərin də Ermənistanın müxtəlif dairələrini narahat etdiyini diqqətə çatdıran millət vəkili əlavə edib ki, Ermənistan müxalifəti mitinqlər keçirməklə aranı qarışdırır:
"Onlar Azərbaycana qarşı heç bir əsası olmayan məkrli siyasətləri özündə ifadə edən bəyanatlar verirlər. Təbii ki, onlar bununla bu münasibətlərə kölgə salmaq istəyirlər. Hesab edirəm ki, Cənab İlham Əliyevin apardığı düzgün xarici siyasət balanslandırımış siyasətdir. Cənubi Qafqaza sülh gətirmək baxımından da uğurlu bir siyasətdir. Təbii ki, bundan sonrakı münasibətlərdə də Azərbaycan bu mövqeyi qoruyub saxlayacaq”.
Aynurə Pənahqızı Demokrat.az


