“Hraparak” nəşrində təqdim olunmuş “Azərbaycan aktiv şəkildə alternativ yol çəkir. Laçın yolu istənilən an kəsilə bilər” başlıqlı məqalə dərc olunub. Qeyd olunub ki, Azərbaycan aktiv şəkildə Laçından keçən yola alternativ yol çəkir. Qeyd olunub ki, alternativ yol demək olar ki, başa çatıb.
Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-aaçıqlama verib. Analitik bildirib ki, 10 noyabr razılaşmasının müddəalarından biri də Laçın dəhlizinin istiqamətini dəyişdirməkdir:
“Çünki dəhliz Laçın şəhərinin mərkəzindən keçdiyi üçün ordumuz şəhərə nəzarət etmir. Razılaşamada isə vurğulanır ki, 3 il ərzində yeni yol çəkilməli və şəhərin mərkəzi də Azərbaycanın nzəarətinə keçməlidir. Prezident İlham Əliyev qeyd etmişdi ki, yeni yolun 3 yox, 2 il ərzində başa çatdırılması planlaşdırılır. Laçın dəhlizinə çəkilən alternativ yol da bununla bağlıdır. Laçın dəhlizinin yeni marşrutunun inşası davam edir, yeni marşrutun istifadəyə verilməsndən sonra hazırki dəhlizin keçdiyi Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək. Yeni yol Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olur, oradan Gorusun Kornidzor kəndinə keçir. Həkəri çayı üzərindən salınan körpü də yeni marşruta daxildir”.

A.Nərimanlı qeyd edib ki, bu yolun çəkilməsi erməniləri bir neçə səbəb görə narahat edir: “Birincisi, Laçın şəhər mərkəzinin də Azərbaycanın nəzarətinə keçməsidir. Dəhliz şəhərin mərkəzində olduğu müddətdə bu reallaşmır və ermənilər ümid edirlər ki, mövcud vəziyyət belə davam edəcək, Azərbaycan şəhərə nəzarət edə bilməyəcək. İkincisi, Laçın tam Azərbaycanın nəzarətinə keçmədiyi üçün orada az sayda olsa da hələ ermənilər qalır. Yeni yolun istifadəsindən sonra bu ermənilər də getməli olacaqlar. Üçüncüsü, yeni yolun keçdiyi marşrut üzərində yaşayan ermənilərin otlaq və əkin sahəsi kmi istifadə etdiyi ərazilər onların əlindən çıxa bilərlər. Ermənilər bildirir ki, xüsusilə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərində əkin və otlaq sahələrini böyük ölçüdə itirəcəklər. Dördüncüsü, yeni yol hazırkı yolla müqayisədə daha əlverişsiz hesab olunur, həm məsafə, həm də infrastruktur baxımından. Lakin ermənilərin narahatlığı heç nəyi dəyişmir. Çünki konkret razılaşma var və bu icra edilməlidir. O cümlədən, bu torpaqlar Azərbaycanın suveren ərazisidir və ermənilər də gələcəklərinin yalnız Azərbaycan vətəndaşı kimi yaşamaqdan asılı olduğunu anlamalıdırlar”.
Aynurə Pənahqızı Demokrat.az


