İmişli rayonunda 1984-cü il təvəllüdlü Qafur şəxsi münasibətlər zəminində arvadı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Qafurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qafur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü işdən evinə gəlib və arvadı Səbinənin evdə olmadığını, yemək bişirmədiyini görüb: “Səbinənin qonşumuz Səlimənin evində olacağını təxmin etdim. Onların evinə getdim. İçəri daxil olduqda Səbinənin Səlimə və onun əri Səlim ilə söhbət etdiklərini gördüm. Həmin vaxt Səbinədən nə üçün yemək bişirmədiyini soruşdum. Arvadım yemək bişirməyəcəyini bildirdi, anamın barəsində xoşagəlməz ifadələr işlətdi.
Bundan sonra əsəbiləşərək Səbinənin sifət nahiyəsindən bir dəfə yumruqla vurdum. Törətmiş olduğum cinayət əməlindən səmimi peşmanam. Arvadım ilə barışmışam”.
Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alınıb. Bu səbəbdən Qafurun barəsində olan cinayət təqibinə xitam verilib. Fariz Məlikli Demokrat.az


