Gündəm Özəl

Deputat: “Ermənistan üzərinə götürdüyü öhdəliyi indiyədək yerinə yetirməyib”

Deputat: “Ermənistan üzərinə götürdüyü öhdəliyi indiyədək yerinə yetirməyib”

“Ermənistan ABŞ və Fransadan gələn təlimatlar əsasında yenidən ATƏT-in Minsk qrupunu reabilitasiya etməyə çalışır”.

Bunu Demokrat.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Brüssel görüşünü şərh edərkən deyib. Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolu ilə tənzimlənməsi istiqamətində heç bir addım atmadı:

“ATƏT-in Minsk qrupunun fəaliyyəti əsasən status-kvo vəziyyətinin saxlanmasına yönəlmişdi. Bu da təbii ki, işğalçı Ermənistanın maraqlarına cavab verirdi. Çünki zaman keçdikcə, Ermənistan işğalçı siyasətinin nəticələrini reqallaşdırmağa ümid edirdi”.

Millət vəkili qeyd edib ki, Brüsseldə ötən il baş tutan görüşdə Ermənistan öz üzərinə götürdüyü öhdəliyi bugünədək yerinə yetirməyib: “Ermənistan sülh sazişini imzalamağa, Azərbaycanın təkliflərini qəbul etməyə hazır olduğunu bildirir. Digər tərəfdən də təxribat xarakterli addımlar atmağa davam edir. Ermənistanın baş naziri Fransada səfərdə olan zaman əsas müzakirə predmeti yenə də ATƏT-in Minsk qrupu oldu. Bundan başqa, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşən zaman yenə də separatçı rejimdən danışıldı, digər pozucu bəyanatlar səsləndirildi. Bütün bunlar onu göstərir ki, Ermənistan həmişə olduğu kimi, atdığı addımların da səmimi deyil. Sadəcə olaraq ağır məğlubiyyət durumunu qismən də olsa, yüngülləşdirəcək elementlər axtarışındadır. Hesab edirəm ki, cənab prezident İlham Əliyevin iştirakı ilə baş tutacaq Brüsseldəki görüşdə Azərbaycan bir daha öz mövqeyini ortaya qoyacaq, bir daha sülh və təhlükəsizliyin təmin olunması istiqamətində hər zaman müsbət atan addımlar obrazını nümayiş etdirəcək”.

Millət vəkilinin sözlərinə görə, Brüssel görüşündə Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 minə qədər vətəndaşımızlarla bağlı da məsələ qaldırıla bilər: “Hesab edirəm ki, bu görüş çərçivəsində taleyi məlum olmayan soydaşlarımızla bağlı məsələlər müzakirə predmeti olacaq. Ümumiyyətlə, hesab edirəm ki, ölkə prezidentinin hər bir görüşü əhəmiyyətlidir. Bütün bunlar ölkəmizin qətiyyətli mövqeyini nümayiş etdirməsidir. Etibarlı platformanın yaradılmasa baxımından da Brüssel görüşü əhəmiyyətlidir. Amma həmişə olduğu kimi, Ermənistanın destruktiv mövqeləri hələlik yekun sülh sazişinin bağlanacağı ilə bağlı nikbin düşünməyə əsas vermir”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az