Gündəm Özəl

Ekspert: “İkinci ali təhsillə bağlı ciddi pozuntular müşahidə edilir”

Ekspert: “İkinci ali təhsillə bağlı ciddi pozuntular müşahidə edilir”

Xəbər verdiyimiz kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydaları təkmilləşdiriləcək, müvafiq qəbul prosesi elektronlaşdırılacaq. Bu “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında öz əksini tapıb.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, bunun qəbul edilməsi kifayət qədər müsbət addımdır. Ekspertin fikrincə, son illər ölkədə təhsil sahəsində ciddi şəkildə islahatlar həyata keçirilib:

“Azərbaycanda şəffaflaşmanın təmin edilməsi istiqamətində ciddi addımlar atılsa da, yenə də neqativ hallar var. Xüsusən də, ikinci ali təhsillə bağlı ciddi şəkildə pozuntular müşahidə edilir. Milli strategiyada əsas hədəflərdən biri burada şəffaf sistemin qəbula gətirilməsidir. Söhbət burada birinci qəbuldan getmir.

Ekspert: “İkinci ali təhsillə bağlı ciddi pozuntular müşahidə edilir”

Biz bilirik ki, əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, indi isə Dövlət İmtahan Mərkəzi ölkədə obyektiv və şəffaf imtahanlar keçirir. Həmçinin, biliyin qiymətləndirmə meyarları ciddi şəkildə qorunur. Bu gün istənilən bir şəxs sosial vəziyyətindən asılı olmayaraq, imtahanlarda iştirak edərək, öz biliyinə uyğun topladığı bala əsasən ali məktəbə qəbul ola bilir. Amma biz bunu ikinci ali təhsillə bağlı deyə bilmərik. Xüsusən hüquq ixtisası üzrə yaxud digər prestijli ixtisaslarda ikinci ali təhsillə bağlı ciddi şəkildə pozuntular müşahidə edirik. Məhz milli strategiyada da ikinci ali təhsilin şəffaflığın təmin edilməsi qeyd olunur”.

Təhsil eksperti hesab edir ki, artıq ikinci ali təhsildə də obyektiv yollarla qəbul həyata keçirilməlidir:

“Bundan başqa ali təhsil müəssisələrinin qəbul imtahanlarının da formatında müəyyən dəyişiklik edilməli, daha da sadələşdirilməlidir. Çünki bizim uşaqlar iki dəfə imtahan verirlər: həm qəbul imtahanı, həm də buraxılış imtahanı. Bu da onları əlavə stressə salır. Hesab edirəm ki, bu sərəncam təhsil sistemində çox müsbət dəyişikliyi özündə əks etdirəcək və korrupsiyanın təhsil sistemində tamamilə aradan qalxmasına gətirib çıxaracaq. İnanıram ki, yaxın illərdə biz ciddi fərq görəcəyik”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az