Gündəm Özəl

Tural Abbaslı: “Biz erməni faşizminin üzünü dünyaya göstərməliyik”

Tural Abbaslı: “Biz erməni faşizminin üzünü dünyaya göstərməliyik”

“Fərrux kəndində tapılan insan qalıqları 30 il bundan öncə azərbaycanlılara qarşı edilən soyqırım cəhdinin sübutlarıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib. Partiya sədri əlavə edib ki, bütün bunlar bir daha ermənilərin, indi özünə “Arsax” deyən terror qruplaşmalarının cinayətlərinin sübutlarıdır:

“Bu terror qruplaşması Birinci Qarabağ müharibəsində azərbaycanlıları kütləvi şəkildə qırıblar və onları müxtəlif yerlərdə, kütləvi şəkildə də dəfn ediblər. Burada beynəlxalq hüquqa görə soyqırımın elementləri var. Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsində 4 minə yaxın itkinimiz var və bunların taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Çox güman ki, Fərrux kəndində tapılan bu kütləvi məzarlıqlarda həmin 4 min insana aid qalıqlar var. Təbii ki, bütün bunlar Azərbaycan dövləti tərəfindən qeydə alınıb, rəsmiləşdiriləcək və həmin insanların kimliyi müəyyənləşəcək. Bütün bu proseslər beynəlxalq təşkilatlara, beynəlxalq insan haqlarına və digər təşkilatlara sübutlarla birgə göndərilməlidir. Dünya ictimaiyyəti bununla bağlı məlumatlandırılmalıdır”.

T.Abbaslı bildirdi ki, biz özümüzün haqlı mövqedə olduğumuzu dünyaya sübut etməliyik:

“Bilirsiniz ki, bu gün bizdə ermənilərin cinayətkar qrupları var, hansı ki, atəşkəsdən sonra Azərbaycan ərazisində terror etməyə cəhd edən terroristlər idi. Ermənilər həmin şəxsləri dünyaya hərbi əsir kimi tanıdırlar və dünya da həmin o cinayətkarları azad etmək üçün bizim üzərimizə gəlir. Ancaq biz Birinci Qarabağ müharibəsində 4 min əsir, itkin, girov düşdüyü, öldürüldüyü bilinməyən insanların taleyi barədə dünyaya məlumat verə bilmirik. Dünya birliyi bundan xəbərsizdir. Odur ki, Azərbaycan və Ermənistan təəssüf ki, bir çox hallarda bərabər tutulur. Yəni, belə faktlar həm foto, həm də video sənədlər vasitəsilə rəsmiləşdirilməlidir, sənədləşdirilməlidir. Dünya ictiamiyyətinə, siyasi dairələrə təqdim olunmalıdır. Əsasən də, Qərb ölkələrinin ictimaiyyətinə, yəni oranın kütləvi informasiya vasitələrinə təqdim olunmalıdır, yeri gələndə bunun təbliğatı təşkil olunmalıdır. Diaspor və yaxud da xarici işlər nazirliyinin, yerlərdəki konsulların, səfirlərin vasitəsilə təqdim olunmalıdır. Biz erməni xislətini, erməni faşizminin üzünü dünyaya göstərməliyik. Biz göstərməliyik ki, əslində 44 günlük müharibədə biz torpaqlara azadlıq, qanun, ədalət aparmışıq. İllərdi orada inildəyən məzarlarımız azad etmişik. Ümid edirəm ki, Azərbaycan dövləti üzərinə düşən bütün işləri görə biləcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az