“6 il öncə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlamışdı. Hərb tarixinə “Aprel döyüşləri” kimi düşən bu savaşın nəticələri böyük hərbi və siyasi məzmuna malik idi. Aprel döyüşləri ərazilərimizin azad edilməsi ilə nəticələnən Azərbaycanın parlaq qələbəsinin müjdəçisi olmuşdu. İşğal olunmuş ərazilərdə qurulmuş və alınmaz qala iddia edilən ermənilərin müdafiə sisteminə ilk dəfə məhz Aprel döyüşlərində sarsıdıcı zərbə vurulmuş və bununla da, Azərbaycan Ordusunun öz qarşısında dayanmış strateji vəzifələri yerinə yetirməyə qadir olduğu təsdiqlənmişdi”.
Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, Aprel döyüşləri ilə Azərbaycan ordusu böyük qələbənin təməlini qoydu:
“2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı. Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olmuş, 26 nəfər isə ağır yaralanmışdı. Bundan başqa, hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən, mülki infrastrukturlara ciddi ziyan dəymişdi. Düşmənin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu hərəkətə keçməyə məcbur olmuşdu. Əks-hücum nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad edilmişdi. Ümumilikdə, “Aprel döyüşləri”nin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilmiş və bununla da böyük qələbənin təməli qoyulmuşdu”.
Millət vəkili əlavə edib ki, “Aprel döyüşləri” gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı: “44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu erməni işğalçılarını darmadağın edərək, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bütüvlüyünü bərpa etdi. 2020-ci il qələbəsinin əsası məhz 2016-cı ilin “Aprel döyüşləri”ndə qoyulmuşdu. 2016-cı ilin Aprel döyüşləri münaqişə bölgəsindəki status-kvonun əbədi olaraq qoruna bilməyəcəyini bir daha isbatlamışdı. Aprel döyüşlərindən iki il sonra Ermənistanda siyasi təlatümlər baş vermiş və Serj Sarkisyan rejimi nəhayət yıxılmışdı. Bir sözlə, Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqət silahlı qüvvələrin işğal olunmuş əraziləri istənilən an azad etmək bacarığının göstəricisi oldu”.
Aynurə Pənahqızı Demokrat.az


