“Azərbaycan 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində növbəti uğurlu addım ataraq mötəbər konfransa ev sahibliyi etdi. Ümumilikdə 34 ölkədən 150-dən çox iştirakçının qatıldığı minalardan təmizləməyə dair humanitar konfransın ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir. Konfransın vaxtının düzgün seçilməsi də xüsusi uğurlu addımdır. Bütün dünyada beynəlxalq təşkilatların 4 aprel gününə hazırlaşdıqları ərəfədə Bakıda belə bir konfransın keçirilməsi təqdirəlayiqdir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, belə mötəbər konfransın Bakıda keçirilməsi ölkə üçün uğurlu addımdır: “Konfransda iştirak edən nümayəndələrin əksəriyyətinin işğaldan azad edilmiş ərazilərə səfər etmələri vacib məqamlardandır. Onlar səfər çərçivəsində erməni vəhşilərinin vandallıqlarını bir daha öz gözləri ilə görüb, Ermənistanın 30 il müddətində apardığı işğalçılıq siyasətindəki vəhşiliyin şahidi olublar. Digər məqam isə həmin nümayəndələrin Azərbaycan dövlətinin qısa zaman içərisində həyata keçirdiyi yenidənqurma və bərpa işləri ilə yaxından tanış olmaları idi. Doğrudan da, valehedici məqamdır ki, Azərbaycan dövləti Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində bu qədər nəhəng işləri icra edə bilib. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycana səfər edən nümayəndələr kifayət qədər təcrübəsi olan, peşəkar mütəxəssislərdir. Onlar qeyd ediblər ki, bu qədər təhlükəli minaların basdırıldığını yalnız Azərbaycanda görüblər. Bu, erməni terrorunun Azərbaycana qarşı hələ də davam etdirildiyinin sübutudur. Azərbaycan minalardan ən çox əziyyət çəkən ölkələrdən biri olmasına baxmayaraq, bu günə qədər ən az beynəlxalq yardım alan dövlətlərdəndir. Ona görə də bu tədbirin ölkəmizdə keçirilməsini minalardan təmizləmə prosesində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Nəzərə almaq lazımdır ki, iştirakçıların əksəriyyəti konfrans zamanı bir çox təşəbbüslərlə çıxış edib Azərbaycana daha çox vəsaitin ayrılması, təcrübə mübadiləsi, texniki avadanlıqlarla təchizat və s. kimi yardımlar göstərmək qərarına gəliblər. Ümumilikdə belə bir konfransın keçirilməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənmə işinin müəyyən qədər də sürətləndirilməsinə zəmin yaratmış ola bilər. Hesab edirəm ki, bütün bunlar öz müsbət nəticələrini göstərəcək. Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə milyonlarla minalar basdırılıb və il yarım ərzində görülən işlərin nəticəsində 55 minə yaxın mina təmizlənib. Bu baxımdan, beynəlxalq təşkilatların diqqətini buna yönəltmək əlverişli olacaq. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasına qoşulması üçün minalardan təmizlənmə prosesi daha sürətlə aparılmalıdır ki, yenidənqurma və bərpa işləri də tez bir zamanda başa çatsın. Bu gün bərpa işlərinin başa çatması və soydaşlarımızın daha tez vaxtda öz doğma yurdlarına qayıtması üçün əsas maneə minalardır. Ona görə də bu tədbirin Azərbaycan üçün əhəmiyyəti böyükdür”.
Demokrat.az


