“Altı il öncə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar baş vermişdi. Hərb tarixinə “Aprel döyüşləri” kimi düşən bu savaşın nəticələri dərin hərbi və siyasi məzmuna malik idi. Qeyd edim ki, bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış zəfərlərdən biridir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, “Aprel döyüşləri” ərazilərimizin azad edilməsi ilə nəticələnən Azərbaycanın parlaq qələbəsinin müjdəçisi idi:
“Azərbaycan xalqı uzunmüddət idi ki, torpaqlarımızın işğaldan azad olunmasını gözləyirdi. Ancaq ermənilər davamlı olaraq təxribatlar törədirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu növbəti dəfə Ermənistanın hücumunu dəf edərək, Azərbaycan xalqına “Aprel zəfəri”ni yaşatdı”.

Millət vəkili qeyd edib ki, “Aprel zəfəri” həm də İkinci Qarabağ müharibəsində bir dönüş nöqtəsi oldu: “Bilirsiniz ki, həmin dövrə kimi güclü Ermənistan ordusu, güclü Ermənistan mifi yaradılmışdır. Ancaq Azərbaycan göstərdi ki, onlar yalnız mifdir. Eyni zamanda, ordumuz Ermənistanın Qarabağda qurduğu ən böyük sədlərindən biri olan “Ohanyan səddi”ni yararaq bu qələbəni təmin etdi. “Aprel zəfəri” Azərbaycan gənclərində müharibə, mübarizə ruhunu daha da gücləndirdi. Həmin dövrdə şəhid olan vətən övladlarımızdan ilhamlanan gənclərimiz 2020-ci ildə İkinci Qarabağ müharibəsində yeni qəhrəmanlıq dastanları yazdılar”.
“Aprel zəfəri prezident İlham Əliyevin rəhbərliyi əsasından qoyulmuş siyasətin uğurla həyata keçirildiyini göstərdi. Güclü Azərbaycan ordusu quruldu, Azərbaycan xalqının birliyi, həmrəyliyi təmin olundu və beləliklə, bu möhtəşəm qələbəni Azərbaycan xalqı növbəti dəfə yaşadı. Azərbaycan xalqı yeni qələbələrə bu addımlarla yeni imzasını atmış oldu. Azərbaycan xalqı heç zaman vətən övladlarının unutmayacaq. Torpaqlarımızın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə allahdan rəhmət diləyirik. Ermənistan bilməlidir ki, Azərbaycan hər zaman onun təxribatlarının qarşısını alacaq və heç zaman yenidən ən kiçik cəhdə belə imkan verməyəcək,”- deyə deputat əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


