Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının üzvü, siyasətçi Aleksandr Şerin "Realist" xəbər agentliyinə müsahibəsində deyib ki, əgər kimlərsə Rusiyanın gücsüz olduğunu düşünürsə, o zaman onlara "Kalibr" və "İsgəndər"lərlə cavab veriləcək. O, çıxışında həm Yaponiyanı, həm də Azərbaycanı hədələyib.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Aleksandr Şerin kimi şərəfsizlərin açıqlamasına Azərbaycan tərəfindən layiqli cavab verilməlidir. Təbii ki, o, şərəfli olsa bütün xalqı təhqir etməz:
“Hesab edirəm ki, artıq Azərbaycan dövləti buna kəskin etirazını bildirməlidir. Çox təəssüf ki, bir sutka keçməsinə baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi susur. Təbii ki, bu susqunluq bir Azərbaycan vətəndaşı kimi məni çox hiddətləndirir və narahat edir. Ən azından Rusiyanın Azərbaycandakı səfirliyini çağırıb etirazımızı bildirmək olardı. Yəni, bu tip adamların ağzından vurmalıyıq. Bu adam əvvəllər bizneslə məşğul olub, indi sanksiyalar fonunda xeyli pulunu, var-dövlətini itirib və indi Azərbayacana dil uzadır. Mən gözləyirdim ki, dünən Azərbaycanın Xarici İşlər Nazirliyi ən azından Rusiyanın Azərbaycandakı səfərini çağıracaq və ona öz etirazı bildirəcək, amma susdular. Çox maraqlıdır ki, bunu hansı ağıllı məsləhət görüb ki, cavabı verilməsin. Bundan əvvəl Delyaqin adlı yaramaz da Azərbaycana dil uzatmışdı. İctimaiyyətdə etiraz oldu və onu beynəlxalq axtarışa verdilər. Harada axtarırdınız onu? Moskvadan istəyin onu!”.
Hərbi ekspert Rusiyanın Dövlət Dumasında belə şərəfsizlərin açıqlamalarına son qoyulmalı olduğunu vurğuladı:
“Sizin o yaxşı işləyən “Kalibr”niz də, “İsgərndər”niz də başınıza dəysin. Əgər siz Ukraynada üzləşdiyiniz o bataqlıqdan çıxa bilmirsinizsə, başqa xalqın, Yaponiyanın, Azərbaycanın yaxud digər xalqın nə günahı var? Sən kimsən ki, Azərbaycanı hədələyirsən? Sənə o həddi kim tanıyıb ki, Azərbaycan dövlətini təhdid edirsən? Bir sutka keçməsinə baxmayaraq, Azərbaycanın belə bir mövqe sərgiləməsi sadəcə məndə böyük təəccüb və təəssüf doğurur. Kim bu ideyanı veribsə ki, baş qoşmayın, mən şəxsən o vəzifəli şəxsləri anlamaqda çətinlik çəkirəm. Çünki bunu bir körpə uşaq deməyib. Bunu deyən Rusiya Dövlət Dumasının deputatıdır. Bu adam bu sözü dilə gətirirsə, demək ki, haradasa bu müzakirələr gedir, o adam da müzakirələrdən ilhamlanıb, yenə çuşa gəlib. Nə qədər ki, Azərbaycan dövləti özünü mağmın, qorxaq aparacaqsa, kiməsə görə susacaqsa, sabah başqa şeylər də eşidəcəyik. Sabah bizim üzümüzə, qeyrətimizə, namusumuza da söyəcəklər. Bəlkə onda ayılarlar. Mən şəxsən dərin nifrətimi bildirirəm. Səfir Polad Bülbüloğlu dərhal oradan geri çağırılmalıdır.O, orada oturub malalamaqla, boş-boş fikirlər səsləndirməklə məşğuldur. Ora normal diplomat qoymaq lazımdır. Biz rusun qabağında nə vaxta qədər özümüzü gözüqırpıq vəziyyətdə göstərməliyik? Bunun nəhayət ki, sərt cavabı olmalıdır. Olmayacağı təqdirdə növbəti Jirinovskilər yetişəcək. Növbəti Jirionovskilərin olmaması üçün Azərbaycan bunun qarşısını indidən almalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


