“Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zamanı bir neçə kütləvi məzarlıqlar aşkar edildi. Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhəri, eləcə də Xocalı rayonunun Fərrux kəndin və ətrafında yeni kütləvi məzarlıqlar aşkar edilmiş, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilmişdir:
“ Ən yüksək səviyyələrdə cənab Prezident İlham Əliyev, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Milli Məclisin spikeri Sahibə Qafarova, eləcə də, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq, qarşı tərəf məlumatları gizlədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır. Öhdəliyi yerinə yetirməyən Ermənistan başa düşür ki, bu özünü sivil xalq adlandıran və yaxud dünyaya mədəni bir xalq kimi tanıtmağa çalışan vəhşi vandalların mənəvi simasını açıb göstərir”. Millət vəkilinin sözlərini belə davam etdirdi:
“Hamımız yaxşı bilirik ki, “erməni soyqırımı” “Böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən, saxta erməni “alim” və “tədqiqatçıları” nın yalanlarından başqa bir şey deyil. Lakin bununla yanaşı, 1950-ci ildən başlayaraq, onlar 20-ə qədər ölkənin bəyanat və ya qərar qəbul edilmasinə nail olublar. Saxtakar erməni “tarixçilərinin” və onlarla həmfikir olan bəzi qərəzli alimlərin, siyasətçilərin, politoloqların da dəstəyindən istifadə edərək 50 minə yaxın sayt yaradaraq, filmlər çəkdirərək, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə saldıraraq, elmi kitablar yazdıraraq özlərini zavallı, yazıq və sülhsevər bir millət olaraq qələmə verirlər və tarixdə heç vaxt olmayan bir “erməni soyqırım” hadisəsi yaradıblar. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur. Və Vətən Müharibəsindən sonra aşkarlanan bu kütləvi məzarlıqlar erməni vandalizmini və erməni faşizmini ifşa etmək və bütün dünyada onların əsl xislətini göstərmək üçün ən bariz nümunələrdir”. H.Hüseynova hesab edir ki, belə kütləvi məzarlıqlar hələ də var və tədricən onlar da aşkar ediləcək: “Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Əlbəttə ki, bu cinayətlər cəzasız qalmamalıdır. Ermənistanın və azərbaycanlılara qarşı soyqırımı törətmiş ermənilərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə calışmaq lazımdır. Bundan əlavə həmin ərazilərdə xüsusi abidələr, müxtəlif dillərdə erməni vəhşiliklərindən bəhs edən məlumatları əks etdirən lövhələr yaradılmalı, sənədli filmlər çəkilməli, beynəlxalq forumlar keçirilməlidir”.
Nəzrin Hüseynli Demokrat.az


