Azərbaycanda şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq ediləcək. Bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Bu qərar isə valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Valideynlər bunun lazımsız qərar olduğunu bildiriblər. Səbəb kimi isə pandemiyadan sonra gəlirlərinin aşağı olmasını və dünyada qlobal bahalaşmanı göstərirlər.
Məsələ ilə bağlı Demokrat.az təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrəndi. Ekspert açıqlamasında vurğuladı ki, həqiqətən də yeni məktəbli formaları ilə bağlı verilmiş qərar valideynlərə maddi cəhətdən ciddi təsir edəcək:

“Digər tərəfdən də formanın 3 ildən bir dəyişilməsi növbəti illər baxımından düşünsək, hardasa sərfedici olacaq. Çünki bir var hər il yeniləyəsən, bir də var ki, 3 ildən bir. Qeyd edim ki, əvvəllər hər il məktəbli formaları dəyişdirilirdi və nəticədə qiymət artımları müşahidə olunurdu. İndiyədək 80-100 manat həddinə qədər məktəbli formalarının qiymətləri formalaşıb. Nazirlər Kabinetinin məktəbli formalarla bağlı indiki təsdiq olunmuş əsaslanmaya biz diqqət yetirsək, burada şagirdlərə artıq seçim imkanının verildiyini görürük. Hətta, qız şagirdlərinə şalvar seçimi imkan verilib. Amma, fikrimcə yalnız xüsusi təhsil müəssisələrində, liseylər, kolleclər istisna olmaqla, yerdə qalan şagirdlərə sərbəst geyim formasına icazə verilməsi daha məqsədəuyğun idi. Çünki sərbəst geyim formasında valideynlər büdcələrinə münasib olaraq geyim ala bilirlər. Eyni zamanda, şagirdlərin özlərini daha sərbəst hiss edirlər. Bir var vahid formada, bir də var ki, sərbəst formada olsunlar. Bu, şagirdlərə istər psixoloji cəhətdən, istərsə də ümumi inkişaf cəhətdən daha çox təsir etmiş olur. Ona görə də, məktəbli formasının liseylər, xüsusi təhsil müəssiələri üçün tətbiq edilməsi daha məqsədəuyğundur. Çünki, onların nişanları, brendləri olur ki, özlərini həmin forma ilə təqdim edirlər. Ölkədə olan bütün dövlət məktəblərinə eyni formanı tətbiq etmək, hər il də bunu yeniləmək valideynlərin büdcəsinə ciddi mənada təsir edir. Əgər sərbəst geyimdə valideyn 30-40 manat xərcləyirsə, ancaq burada məcburdur ki, onun 2-3 qatını verib, övladı üçün məktəbli geyimi alsın. Ancaq 3 ildən bir olması isə onun yaxşı tərəfidir ki, birdə növbəti illərdə valideynlər pul xərcləməli olmayacaqlar. Xarici ölkələrdə də bu təcrübədən istifadə olunur. Avropa ölkələrində, ABŞ-da da sərbəst geyimə, vahid geyimə üstünlük verənlər var. Amma vahid geyimi orada xüsusi məktəblərdə tətbiq edirlər. Bizdə də bunu tətbiq etsək, düşünürəm ki, daha məqəsəduyğun olar”.
Məktəb formalarının qiyməti ilə bağlı Demokrat.az Bakı Tikiş Evi əlaqə saxlayıb. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov saytımıza açıqlamasında bildirdi ki, qərar yeni olduğu üçün dəqiq proseduru hələlik bilmirlər:

“Məktəblər ilk növbədə rənglərlə bağlı seçim etməlidirlər. Ondan sonra biz parça nümunələri gətirməliyik. Bilirsiniz ki, Azərbaycanda parça istehsal olunmur. Gərək sifariş olsun ki, biz həm parçanı gətirək, həm də formaları tikək. Biz həmişə parçaları Türkiyədən almışıq. Onun da təbii ki, uyğunluq sertifikatı olur. Yəni, uşaqların bədəni üçün heç bir zərərli təsirləri yoxdur. Ancaq indi qərardan çox şey asılıdır ki, biz həmin parçaları sifariş edək. Ondan sonra formalar haqqında ümumi qiymət deyə bilərik”.
E.Əzimov qeyd edib ki, yeni məktəbli formalarında həm yay, həm də qış üçün formalar var: “Təbii ki, belə olduğu halda düşünürəm ki, maddi cəhətdən büdcəsi aşağı olan ailələr bunları ayrı-ayrı da ala biləcəklər. Yəni, dərslər sentyabrda başlayırlar, valideynlər qış formalarını almaya da bilərlər. Tədricən havalar soyuduqca, gəlib qış formaları ala bilərlər. Onu qeyd edim ki, əvvəlki geyimlər daha mürəkkəb idi, amma indiki təsdiq olunan formalar daha asandır. Əvvəlki qiymətlərin satışı aşağı siniflər üçün 40 manat, yuxarı siniflər üçün isə 46 manat idi. Amma yeni formalarda pencəklər olmayacaq. Ona görə də, materiallar gətirildikdən sonra qiyməti deyə bilərik. Tikiş baxımından isə bizim üçün heç bir problem yoxdur. Çünki şalvarı və ətəyi 12 ildir ki, istehsal edirik. Yəqin ki, çətinliklərimiz olmayacaq”.
Aynurə Pənahqızı Demokrat.az


