Gündəm Özəl

Deputat: “Ermənilər qanlı cinayətlərini torpaq altında gizlədiblər”

Deputat: “Ermənilər qanlı cinayətlərini torpaq altında gizlədiblər”

“Təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiası ilə apardığı Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı qırğınlar həyata keçirilib”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, ermənilər yaşayış məntəqələrimizə silahlı basqınlar edərək, dinc əhaliyə qarşı dəhşətli qətliamlar törədiblər:

“Bu müharibə cinayətlərini gizlətmək üçün erməni qaniçənlər irimiqyaslı faciələrin qurbanlarını kütləvi məzarlıq adı almış yerlərdə qalın torpaq qatının altında gizlətmişlər. Açıq döyüşlərdə həlak olanların da xeyli hissəsinin cəsədləri işğal olunmuş ərazilərdə qaldığından onların məzarları indi işğaldan azad olunduqdan sonra aşkarlanıb. Bunlardan biri də Fərrux yüksəkliyində aşkarlanan kütləvi məzarlıqdır. Ehtimal edilir ki, bu məzarlıqdakı tapıntılar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir. Aradan keçən 25–30 ildə əsirlikdə qalmış qoca, qadın və uşaqlar da işgəncələrə tab gətirməyərək həyatlarını itirmiş, onların da aqibəti harada gəldi üzərləri torpaqlanaraq basdırılmışdır”.

“Beləliklə, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə həlak olmuş və əsir düşmüş müxtəlif yaşlardan olan 4 minədək soydaşımızdan bu günədək heç bir xəbər yoxdur. Hələlik onların təxmini və ümumi bir ünvanı var - kütləvi məzarlıqlar. İşğal etdikləri əraziləri geri çəkildikcə nəhəng mina tələsinə çevirən amansız düşmən həmin fəlakət zonalarının xəritələrinin verilməsində olduğu kimi, kütləvi məzarlıqların yerlərinin açıqlanmasında da eyni qəddar inadkarlığı davam etdirirdi. Lakin Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin qarşılığında Azərbaycan tərəfi Birinci Qarabağ savaşı, eləcə də Vətən müharibəsi zamanı əsir düşmüş bütün erməniləri salamat geri qaytarmış, həlak olanların meyitlərini və qalıqları aşkar edildikcə təhvil vermişdir. Bu proses bu gün də davam edir və dünya ictimaiyyəti bu barədə geniş məlumatlandırılır,” deyə millət vəkili əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az