“MİDA-nın mənzilləri hər dəfə satışa çıxanda bu tip narazıçılıqlar baş verir”.
Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, müraciət həddindən artıq çoxdur, ancaq mənzillər məhdud saydadır: “Yəni, hər kəs çalışır ki, hansısa formada bu mənzillərə sahib olsunlar. Kimisi kompüter sistemini yaxşı bilən bir şəxsin köməyi ilə həmin mənzilləri əldə etməyə çalışırlar. Amma biz baxanda normalda müraciət edənlərin həmin kateqoriyaya malik olan insanlar olduğunu görürük. Bilirsiniz ki, orada müəyyən kateqoriyalı insanlar var ki, yalnız onlar mənzil ala bilərlər. Bunların da böyük bir hissəsi təbii ki, evə ehtiyacı olan insanlardır, yəni illərlə kirayədə yaşayanlardır”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, MİDA mənzilləri ərazi baxımdan insanlara çox ucuz təklif olunur:

“Tutaq ki, Yasamal ərazisində MİDA-nın tikildiyi binaların 1 kvadrat qiyməti vətəndaşlara 900 manata təklif olunursa, üzbəüz binada bir kvadrat təmirli yeni tikili binanın bir kvadratı 1500 manatdan bahadır. Yəni, ərazi baxımdan binalarda qiymət fərqi çox böyükdür. Şəxsim fikrim odur ki, bu tip satışların aparılması həm narazıçılıq yaradır, həm də normal deyil. Nə mənada? Tutaq ki, müəyyən kateqoriyalar seçilməlidir. Bu satış müəllimlər, digər satış hərbiçilər və s. kateqoriyalı insanlara şamil olunmalıdır. Hansı ki, əvvəllər insanların ev növbəsi var idi. Vətəndaş bilirdi ki, 3-4 ildən sonra növbə ona çatacaq və evlə təmin olunacaq. İndi də elə bir formada da bu proses aparılmalıdır ki, insanlar arasında narazıçılıq yaranmasın. Bəlkə, ola bilsin ki, həqiqətən də 5 saniyəyə o qədər mənzil satılıb. Qeyd edim ki, təxminən 9500-ə yaxın şəxs həmin alıq-satqı prosesində iştirak edib, onlardan yalnız 442 nəfəri bu mənzilləri əldə edib. Yəni ən azından 9 min nəfərin 500 nəfəri narazı olarsa, bu, artıq kifayətdir. Biz hər satış zamanı bu cür vətəndaş narazıçılığı ilə rastlaşırıq. Düşünürəm ki, bunun çıxış yolu bu cür alqı-satqı prosedurundan əl çəkib, tamam başqa formada aparmaq lazımdır ki, həm vətəndaşlar arasında narazıçılıq yaranmasın, həm də vətəndaşlarımız boş ümidlərlə yaşamasınlar. Çünki şəxslər var ki, çox uzunmüddətdir ki, həmin alqı-satqı prosesində iştirak edir, ancaq mənzil sahibi ola bilmir. Nəticədə insanlarda ümidsizlik əmələ gəlir. İnamsızılığın, ümidsizliyin aradan qaldırılması üçün bərabər, ədalətli şəkildə kateqoriyalar arasında satışlar aparılmalıdır. Yəni, hamı eyni vaxtda deyil. Hesab edirəm ki, bu cür satışların aparılması nə qədər davam edəcəksə, o qədər də naraçılıqlar olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


