Gəncə şəhərində 1986-cı il təvəllüdlü Hidayət şəxsi münasibətlər zəminində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hidayət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Mədinə ilə nikahdan kənar ailə qurub: “Birgə nikahımızdan övladım olmasa da, Mədinənin əvvəlki nikahından 1 qız övladı var. Biz birlikdə Mədinəyə məxsus Gəncə şəhəri 38 nömrəli hərbi şəhərcikdə yaşamışıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, gecə saat 01 radələrində yaşadığı evin yaxınlığında Mədinə atası Vəli ilə mübahisə edib: “Bu zaman Mədinəni sakitləşdirmək istədim. Mədinə sakitləşmədiyi üçün onu danladım, evə getməsini bildirdim. Sonra evdə olan zaman Mədinə ilə aramızda mübahisə oldu. Həmin mübahisə zamanı sərxoş vəziyyətdə olduğum üçün əsəbiləşdim, əl zərbələri ilə onun sifətinə vurdum. Sonra əşyalarımı götürdüm, evdən çıxdım. Həmin vaxt evdə mən və Mədinə olmuşuq”.
Bu cinayət işinə Kəpəz rayon Məhkəməsində baxılıb.
Hidayətin zərərçəkmiş şəxslə barışması məhkəmə tərəfindən nəzərə alınıb. Bu səbəbdən Hidayətin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


