Gəncə şəhərində 1965-ci il təvəllüdlü Bəhram şəxsi münasibətlər zəminində kürəkəni Pərvizə (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Lalə hadisədən bir ay əvvəl Öərvizlə münasibətləri yaxşı olmadığı üçün Ağstafa rayonuna geri qayıdıb: “Hadisə günü mən və qızım qonşumuza məxsus avtomobil ilə cehiz kimi Pərvizin evinə apardığımız əşyaları geri qaytarmaq üçün onlara gəldik. Ora çatanda qapını döydük. Qapını Pərviz açdı. Pərvizə cehizlik əşyaları götürməyə gəldiyimizi bildirdim. Sonra Pərvizin atası küçəyə çıxdı. Pərvizin atasından əşyaları qaytarmasını tələb etdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu vaxt kürəkəni Pərviz qızı Lalə ilə mübahisə etməyə başlayıb: “Mübahisə vaxtı Pərviz qızımı təpik vurdu. Həmin vaxt qızımın baldızı Gülər küçəyə çıxdı və qızımın saçını yolmağa başladı. Lalə də Gülərin saçını yoldu. Bu vaxt qızımın digər baldızı Rəqsanə də küçəyə gəldi və qızımın üzünü cırmaqlayaraq Gülərdən aralamağa çalışdı. Həmin vaxt kürəkənim qızımın yerə yıxılmasından istifadə etdi, onun sifətindən təpik vurdu. Bu vaxt qızımı onların əlindən almaq üçün Pərvizin üzərinə getdim. Onun bədənindən tutaraq geri çəkdim və Pərviz arxamda qaldı. Pərviz arxadan məni tutduğuna görə dirsəyim ilə onun sifət nahiyəsinə vurdum. Bu vaxt əynimdəki üst geyimimin qolu cırıldı. Həmin vaxt Pərvizin burnu qanadı. Bundan sonra oradan evimizə gəldik”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərvizin sözlərinə görə, 2014-ci ildə Lalə ilə evlənib: “Həmin evlilikdən 2 övladımız var. Mütəmadi olaraq arvadım Lalə ayrı yaşamağı və mənim ailə üzvlərimdən narazı olmasını bildirirdi. Bu səbəbdən Lalə ilə aramızda bir neçə dəfə münaqişə oldu”.
Pərvizin ifadəsinə görə, təxminən 2019-cu ilin oktyabrında arvadı Lalə özünə məxsus əşyaları yığaraq atası evinə gedib: “Bir müddət sonra qayınatam Bəhram mənə zəng etdi, arvadım və uşaqlarımı götürməyimi istədi. Arvadımı və uşaqlarımı qayınatamın yaşadığı evdən götürərək yaşadığım evə gətirdim. Lalə ilə barışsam da, aramızda həminki səbəblərdən münaqişə oldu”.
Pərviz deyib ki, 2020-ci ilin dekabrında qayınatası yaşadığı evə gəlib: “Arvadım Laləni və uşaqlarımı götürərək yaşadığı Ağstafa rayonuna apardı. 2021-ci ildə evdə olan zaman qayınatam Bəhram Lalə ilə birlikdə yaşadığım evə gəldi. Qapını açan zaman Bəhram məndən arvadıma məxsus əşyaları istədi. Həmin vaxt Bəhram məni və ailə üzvlərimi təhqir etməyə başladı. Sonra Lalə bizi söydü. Bacım Gülər cavab qaytardıqda onlar bir-birlərinin saçlarını yolmağa başladılar. Onları aralamaq istəyən zaman qayınatam dirsəyi ilə üz nahiyəmə vurdu. Həmin vaxtı özümü itirdim. Atam bizim aramıza girdi. Burun nahiyəmdən gələn qanı görən Bəhram və Lalə gəldikləri avtomaşına əyləşərək hadisə yerindən uzaqlaşdılar”.
Bu cinayət işinə Kəpəz rayon Məhkəməsində baxılıb.
Bəhramın aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla, 6 ay müddətə islah işləri cəzasına məhkum olunub.
Fariz Məlikli Demokrat.az


