“Azərbaycan mediası müstəqillik tarixindən bugünədək dünya mətbuatı ilə həmrəylik göstərir. Yəni, dünya mətbuatı necə hər şeyi olduğu kimi yazıb qeyd edirsə, Azərbaycan mətbuatı da onun kimi yazır. Azərbaycan mətbuatına bu sahədə təzyiq yoxdur və buna açığı sevinirəm. Çünki mətbuat azad olmalıdır, mətbuat azad fikrini deməlidir. Lakin Rusiyanın bu həqiqətlərə dözüm göstərməməsi üzücü haldır. Ona görə də, mən Azərbaycanın media orqanlarının Rusiyada bloklanmasını şiddətlə pisləyirəm və bunu söz azadlığının boğulması kimi dəyərləndirirəm”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat bunu demokratik cəmiyyətə, azad mətbuata mənfi çağırış kimi qiymətləndirdiyini vurğulayıb:
“Bilirsiniz ki, hazırda Rusiya Ukrayna ilə müharibə aparır. Rusiya çox həssas və ağır durumdadır. Rusiyada fəaliyyət göstərən “Roskomnadzor” da Rusiyanın demək olar ki, bütün az-çox neytral və müstəqil saytlarına, qəzetlərinə, media orqanlarına sanksiya tətbiq edib. Artıq dünəndən “Novoya qazeta”nın kağız forması və internet forması da dayandırılıb. Bu, Rusiyanın ən müstəqil mətbuat orqanı idi. Ancaq Azərbaycan mediasına da sanksiyaların qoyulması qəbuledilməzdir. Ümumiyyətlə, deyərdim ki, bəlkə də ölkədə ilk dəfədir ki, Azərbaycan mediasına sanksiya qoyulur. Amma bunun müqabilində Azərbaycanın da Rusiyanın saytlarına sanksiya tətbiq etməsini məqbul saymıram. Ona görə ki, bunu hazırda iki dövlət arasında münasibətləri gərginləşdirəcək vacibiyyət kimi görürəm. Bu saat bunu durduğumuz yerdə etməyimizə ehtiyac yoxdur. Dünən Rusiya Jurnalistlər İttifaqının yazdığı məktubu oxudum. Onlar da bu məsələləri müzakirə etmək istəyirlər, hər halda onlar bundan boyun qaçırmırlar. Ona görə də, bu məsələyə cavab olaraq onların saytlarını bağlamaq düzgün olmaz”.
Deputat onu da qeyd edib ki, ancaq biz Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən, Azərbaycan-Ermənistan münasibətlərində birtərəfli mövqe sərgiləyən və Ermənistanın tərəfini tutan rus saytlarına sanksiyalar tətbiq edə bilərik və etməliyik: “Bunu gözləmək olmaz. Rusiyanın bir neçə media orqanları var ki, hər zaman Azərbaycanın Qarabağ bölgəsinə, Ermənistan-Azərbaycan müharibəsinə birtərəfli münasibət göstərdiklərinin .ahidi oluruq. Fikrimcə, onlara sanksiyalar tətbiq edilməlidir. Daha bizim saytlarımızı bağladınız, biz də sizi bloklayırıq kimi yox, sadəcə həqiqətlərə söykənərək ki, Ermənistanın tərəfini tutursunuz, Azərbaycan həqiqətlərini bitərəfli qaydada göstərirsiniz. Biz bax onlara sanksiyalar tətbiq edə bilərik və etməliyik də”.
Aynurə Pənahqızı Demokrat.az


