Gündəm Özəl

Tural Abbaslı: “Bu, sülhməramlıların Putini bir ali baş komandan kimi tanımamasını göstərir”

Tural Abbaslı: “Bu, sülhməramlıların Putini bir ali baş komandan kimi tanımamasını göstərir”

“10 noyabr bəyannaməsinə əsasən rus sülhməramlılarının Azərbaycan ərazisinə daxil olmasıyla paralel orada əlində silah olan hər kəs bölgəni tərk etməli idi. Yəni, rus əsgəri Qarabağa daxil olduğu dəqiqədən orada bir dənə də əli silahlı erməni qalmamalı idi. Həmin ərazidə silahlı varsa, bu ya rus sülhməramlıları, ya da Azərbaycan ordusunun nümayəndələri olmalı idi. Başqa əli silahlı şəxsin orada olması artıq burada ya üçtərəfli bəyannamənin pozulması, ya da ki, sülhməramlıların bilərəkdən terrorçuları himayə etməsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya sədri vurğulayıb ki, artıq son günlər Azərbaycanın həmin ərazilərində yerləşən hərbi bölmələrinə atəş açılması əsgərlərimizin, o cümlədən həmin ərazilərdə iş görən mülki şəxslərimizin həyatının riskə atılması Azərbaycan ordusunu fəaliyyətə keçməyə məcbur edib: “Nəticədə Azərbaycan öz ərazisində rus sülhməramlıların etməli olduğu anti-terror əməliyyatını etdi və həmin kəndin ərazisini terrorçulardan təmizlədi. Lakin Rusiya Müdafiə Nazirliyinin bəyanatında ziddiyyətli ifadələr olduğu görüldü. Bəyanatda “Dağlıq Qarabağ silahlı birləşmələri” qeyd olunmuşdur. Əslində, buradakı iki ifadə bəyannamənin birbaşa pozulmasıdır. Ümumiyyətlə, bu, Putinin sözünə, imzasına öz qoşunun, ordusunun hörmət etməməsidir. Yaxud da ki, buradakı sülhməramlıların Putini bir ali baş komandan kimi tanımamasını göstərir”.

O əlavə edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi bölgüsü yoxdur: “Biz bunun dəfələrlə qeyd etmişik. İstər Putin və İlham Əliyevin sonuncu müttəfiqlik sənədində, istərsə də üçtərəfli bəyannamədə bunlar qeyd olunub. Rusiya Federasiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu ifadə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tanıması bəndinə ziddir, həmçinin də dördüncü bəndə. Bunlar özləri də etiraf edir ki, hansısa qondarma rejimin silahlı birləşmələri var və bu da artıq bəyannaməyə ziddir. Bu, o deməkdir ki, rus sülhməramlıları öz işinin öhdəsindən gəlmir”.

T.Abbaslı qeyd edib ki, rus sülhməramlılar Qarabağda münaqişənin uzanmasına xidmət edir: “Onların fəaliyyəti orada qarşıdurmanın daimi və davamlı olmasına xidmət edir. Təbii ki, Azərbaycan öz ərazisində belə addımlara dözməli deyil. Necə ki, Rusiya qonşu ölkə olan Ukraynaya müxtəlif bəhanələrlə soxulub, guya orada faşizmə qarşı mübarizə aparır. Azərbaycan da öz ərazisində faktiki terrorçuya qarşı mübarizə apara bilər və Rusiya bunun qarşısında dura bilməz və durmamalıdır da. Ümumiyyətlə, həmin ərazilərdən tez bir zamanda Rusiyanın çıxarılmasının tərəfdarıyam. Azərbaycanın həmin ərazilərdə təhlükəsizliyini, sabitliyini və suverenliyinin təmin etməsinin tərəfdarıyam. Maraqlı nüans odur ki, Ukrayna məsələsinə görə, bir-birinə düşmən olan, bir-birinə sanksiyalar tətbiq edən və bir-birinə qarşı istifadə üçün raket vuran, tank vuranlar verən ölkələr Azərbaycanın bir ərazisində, balaca bir kəndində sabitliyi, təhlükəsizliyi təmin etməsinə bəyanat verir. Fransa da, ABŞ da, Rusiya da bunu pisləyir. Bu, o deməkdir ki, dünyada beynəlxalq hüquq deyilən bir şey qalmayıb, dünyada ədalət qalmayıb. Azərbaycan öz gücünə öz ərazilərini təmizləməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az