Son günlər Qarabağda baş verən proseslərlə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyinin verdiyi açıqlamalar heç də təsadüfi deyil. Bu açıqlamaları 44 günlük Vətən müharibəsindən sonra Rusiya silahlı qüvvələrindən ibarət sülhməramlıların zaman-zaman imzalanan sənədlərə hörmətsiz siyasətinin davamı kimi qəbul etmək üçün ciddi əsaslar var.
Diqqət etsək görərik ki, ötən il yarımdan çox müddətdə dəfələrlə Qarabağın bəlli ərazisində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları verdikləri açıqlamlarında, çap etdikləri hansısa xəritələrdə ancaq və ancaq ermənilərin xeyrinə “texniki səhvlərə” yol veriblər. Və bu yanlışlar Azərbaycanın rəsmi etirazlarından sonra aradan qaldırılıb. Üstəlik sülhməramlılar daha çox öz missiyasına tamamilə zidd fəlayyəti ilə diqqəti cəlb edib və bu, Azərbaycan cəmiyyətinin haqlı narazılığı ilə müşahidə olunub. Bura Ermənistanın başıpozuq silahlı dəstələrinin hələ də sülhməramlıların yerləşdiyi ərazidə himayə edilməsini və məhz həmin ərazilərdən atəşkəsin pozulmasını da əlavə etsək, Rusiya silahlı qüvvələrindən ibarət sülhməramlıların fəaliyyətinə kölgə düşür. Hansı ki, 10 noyabr tarixli Bəyanatın 4-cü bəndinə əsasən, erməni silahlı dəstələri bölgədən tamamilə çıxarılmalıdır. Həmin sənədə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.
Bu qədər birtərəfli qaydada davam edən proseslər əsaslı şübhələr doğurmaya bilməz. Mümkün deyil ki, Rusiya Müdafiə Nazirliyi kimi ciddi bir qurum verdiyi açıqlamanın elə bu ölkənin Prezidenti Vladimir Putinin imza atdığı sənədlərə tamamilə zidd olmasını anlamasın!
Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixlərində verdiyi açıqlamalarda əks olunan məqamlar içərisində həqiqətə uyğun gələn bir dənə də fakt yoxdur. Və bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin haqlı bəyanatları yayılıb.
Birincisi, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməsə də Rusiya Müdafiə Nazirliyi tamamilə fərqli açıqlama verib.
İkincisi, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması, Azərbaycan hərbçiləri arasında yaralananların olması barədə həqiqətdən uzaq fikirlər yer alıb.
Üçüncüsü və ən əsası isə Rusiya Müdafiə Nazirliyi öz bəyanatlarında “Dağlıq Qarabağ” ifadəsinə yer verir. Hansı ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib. Həmin sənədlə yaranan reallığa uyğun olaraq Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər vahid iqtisadi rayonda birləşdirilib, Şərqi Zəngəzur tarixi adı bərpa olunub. Bundan başqa, Xankəndi və Xocalı Qarabağ iqtisadi rayonuna daxil edilib. Vaxtilə məqsədli şəkildə yaradılan “Dağlıq Qarabağ” bölgüsü həmişəlik ləğv olunub. Hazırda Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Amma Rusiya Müdafiə Nazirliyi bunu görməzdən gəlir və “Dağlıq Qarabağ” ifadəsini işlətməklə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirir.
Bu hörmətsizlik həm də açıq şəkildə Azərbaycanla Rusiya arasında imzalanan sənədlərə qarşı edilir. Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri - İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən xəbərsiz olması ağlabatan deyil. Məhz həmin Bəyannamənin birinci bəndində bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək, güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Bəyannamənin 18-ci bəndində isə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Beləliklə, Rusiya Müdafiə Nazirliyinin bu ölkənin Prezidenti, eyni zamanda Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Putin tərəfindən də imzalanmış sənədlərə hörmətsizlik nümayiş etdirməsi haqlı suallar doğurur. Rusiya Müdafiə Nazirliyi kimi ciddi bir qurumun Azərbaycanın Xocalı rayonunda yerləşən “Fərrux” kəndini “Furux” adlandırması, rəsmi etirazlara rəğmən bu səhvi davam etdirməsi Ermənistanın maraqlarına uyğun davranmaq demək deyilmi?
Ortada iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyət var və bunun qarşısı mütləq alınmalıdır. Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsiplərinə, imzalanan ikitərəfli, həmçinin üçtərəfli sənədlərə uyğun davranıb və eyni hərəkəti qarşı tərəfin də sərgiləməsi vacibdir.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


