Gündəm Özəl

“Rusiya öz sərhədləri içərisinə sıxışdırılmış adi dövlətlərdən biri kimi mövcud ola bilər” — ÖZƏL

“Rusiya öz sərhədləri içərisinə sıxışdırılmış adi dövlətlərdən biri kimi mövcud ola bilər” — ÖZƏL

“Ukrayna savaşının hansı istiqamətlərə yönələ biləcəyini təxmin etmək üçün bəzi dünya liderlərinin verdiyi açıqlamalara diqqət etmək kifayətdir. ABŞ prezidenti Co Bayden bir müddət öncə bəyan etmişdi ki, yeni dünya düzəni qurulur və Ağ Ev bu prosesə rəhbərlik etməlidir. Bu açıqlamadan belə anlaşılır ki, yeni dünya düzənində Rusiyaya superdövlət rolu ayrılmayıb”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki, Rusiya yeni dünya düzənində sadəcə, öz sərhədləri içərisinə sıxışdırılmış adi dövlətlərdən biri kimi mövcud ola bilər:

“Ən yaxşı halda, Rusiyanın dünya nəhəngi deyil, məhz regional güc kimi qalmasına imkan verə bilərlər. Ancaq bunun da mümkün olması, Rusiya prezidenti Vladimir Putinin karyerasının necə nəticələnəcıyindən birbaşa asılıdır. Belə ki, ABŞ və Qərb prezident Vladimir Putinin hakimiyyətdə qalmasını istəmir. Ona görə də, Rusiyaya qarşı təzyiqlərin və sanksiyaların prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasına qədər davam edəcəyi artıq şübhə doğurmur. Yəni, ABŞ və Qərb Putinsiz və zəif Rusiya variantını reallaşdırmağa çalışır”.

Analitik əlavə edib ki, Rusiyanın siyasi elitasına daxil olan bəzi şəxslərin, xüsusilə də, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlamaları da göstərir ki, Kreml bu variantın qarşısını almaq üçün ABŞ və Qərb ilə "siyasi bazarlığa" cəhd göstərir:

“Rusiya öz sərhədləri içərisinə sıxışdırılmış adi dövlətlərdən biri kimi mövcud ola bilər” — ÖZƏL

“D.Medvedev Putinsiz Rusiyanın ABŞ və Qərb üçün daha təhlükəli olacağını iddia edir. Onun sözlerindən belə çıxır ki, prezident Vladimir Putin hakimiyyətdən çəkilərsə, Kremlin siyasi idarəçilik iradəsi ciddi şəkildə zəifləyə, nəticədə Rusiya parçalana bilər. Bu haldasa, Rusiyanın nüvə silahının daha radikal qüvvələrin əlinə keçmə ehtimalı var. Yəni, Kreml D.Medvedevin dili ilə dünyanı nüvə silahıyla şantaj etməyə çalışır. Bütün bunlara baxmayaraq, ABŞ və Qərbin prezident Vladimir Putini hakimiyyətdən kənarlaşdırmaq niyyətində tamamilə ciddi olduğunu da müşahidə olunur. Belə anlaşılır ki, prezident Vladimir Putin Kremli həmişəlik tərk etməyənə qədər Rusiyadan əl çəkməyəcəklər. NATO toplantısında qəbul edilmiş qərarlar da bunu təsdiqləyir. Bu hərbi-siyasi alyansın üzvləri Rusiya, Belarusa birbaşa, Çinə isə dolayısı ilə xəbərdarlıq etdilər. Üstəlik, ilk dəfə NATO Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və nüvə silahından istifadə edəcəyi təqdirdə, rəsmi Kiyevə hər cür dəstək veriləcəyini bəyan etdi. Bu, müəyyən mənada, Rusiyanın nüvə silahı ilə şantajına əhəmiyyət verilməyəcəyini dolayısı eyhamdır. ABŞ və Qərb Rusiyanın sonuncu ümid yeri kimi böyük əhəmiyyət daşıyan nüvə silahı faktorunu Kremlin əlindən almağa çalışır. Kremlin nüvə silahı üzərindən etdiyi şantajın Rusiyaya yardım etməyəcəyini anlatmağa cəhd göstərir”.

“Yəni, belə anlaşılır ki, Rusiyanın bütün müqavimət potensialının bloklanmasına başlanılıb. Rusiya qarşı yeni sanksiyalar Ukrayna savaşında böyük uğursuzluqla üzləşən Kremli daha da çətin vəziyyətə sala bilər. Bu baxımdan, bütün bu proseslərin sonunda prezident Vladimir Putinin hakimiyyətdən çəkilmək məcburiyyətində buraxıla biləcəyi və Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılmış regional gücə çevriləcəyi qətiyyən istisna deyil”, - deyə politoloq vurğulayıb.

Aynurə Demokrat.az

D
demokrat.az