Ən səs-küylü qadın obrazı olan Azərbaycan filmi – “Təhminə” 1993-cü ildə Anarın “Beş mərtəbəli evin 6-cı mərtəbəsi” romanı əsasında rejissor Rasim Ocaqov tərəfindən çəkilib.
Filmə musiqini bəstəkar Emin Sabitoğlu bəstələyib. Baş rollarda çıxış edən xalq artisti Fəxrəddin Manafov və türkiyəli aktrisa Meral Konrat cütlüyü obrazlarını elə gözəl oynayırlar ki, filmdən sonra hər kəs onların sevgili olduğunu düşünür. Aktrisa Meral Konrat maraqlı bir faktın üstünü açır.
Sən demə, Zaur roluna Fəxrəddin Manafovdan əvvəl başqa aktyor çəkilib:
“Təhminə” filminin çəkilişi bir il davam etdi. Bir il davam etməsinin səbəbi o idi ki, öncə Zauru bir rus aktyor canlandırdı. Onunla filmin yarısına qədər çəkdik. Amma bu arada, mən Fəxrəddinlə tanış olmuşdum, o çox istəyirdi Zauru canlandırmağı, o Spartakı oynayacaqdı. Fəxrəddin “Zaur mən olmalı idim”, dedi. Sonra Rasim müəllim mənə zəng etdi, dedi ki, bu film olmadı, yenidən çəkilməlidir. Dedim, niyə? Dedi ki, rus aktyor çox pis canlandırıb bu rolu. Dedim bəs Zauru kim oynayacaq? “Fəxrəddin” dedi. Mən çox sevindim, çünki Fəxrəddinlə bu film daha gözəl oldu”.
Filmdə digər rolları xalq artistləri Zərnigar Atakişiyeva, Həsən Məmmədov, Həsənağa Turabov, Fizuli Hüseynov kimi aktyorlar çəkilib. Çəkilişlərin çoxu Bakıda- pavilionda baş tutub. Hətta film üçün xüsusi ev də tikilib. Filmdə bəzi səhnələr Rusiya və Türkiyədə çəkilib. Təhminə obrazını isə aktrisa Nəcibə Hüseynova səsləndirib.
“Bütün gecə mən azəricəni əzbərləyirdim. O zaman mən Azərbaycan dilində danışa bilmirdim, amma əzbərləyirdim. Səsli çəkildi, amma onun üstünə çəkilən bəzi səhnələr səsləndirildi. Mən Təhminəni yaşayaraq oynadım. Hətta bir müddət rolun təsirindən çıxa bilmirdim. Məni çox təsirləndirdi həqiqətən.”
Meral Konrat “Təhminə”dən sonra ölkəsində çox filmə çəkilsə də, bu rolu yaradıcılığının zirvəsi adlandırır. Film 1993-cü ildə Bakıda keçirilən “Azərbaycan filmlərinin II festivalı” müsabiqəsinə qatılıb, Rasim Ocaqov ən yaxşı kinorejissor, Zərnigar Ağakişiyeva isə ən yaxşı qadın roluna görə mükafat alıb.





Gülçin Qorxmaz Demokrat.az


