“Azərbaycan-ABŞ münasibətlərinin 30 illiyi düşünürəm ki, hər iki ölkənin bir-birinə qarşı siyasi münasibətlərində önəmli bir mərhələni təşkil edir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Amerika Birləşmiş Ştatlarının müttəfiqi olan Avropa İttifaqı ölkələri üçün regionda müstəsna əhəmiyyətə malikdir”.
Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib.
Analitik qeyd edib ki, bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rollardan birini oynayır:

“Məhz elə bu faktorları nəzərə alanda həm ABŞ dövlət katibi Entoni Blinkenin cənab İlham Əliyevə zəngi, eyni zamanda ABŞ prezidenti Co Baydeninn Azərbaycan prezidentini Novruz bayramı ilə təbrik etməsi və ümumiyyətlə bu təbrikdə “Novruz” ifadəsinin Azərbaycan dilində yazılması ölkəmizin regional əhəmiyyətini bir daha ortaya qoyur. Eyni zamanda ABŞ-ın Azərbaycanı geostrateji çəkisi və siyasi dəyərləri ilə bağlı mövqeyinin nədən ibarət olduğunu söyləməyə əsaslar verir. Bu baxımdan düşünürəm ki, cənab Prezidentin Baydenə məktubu da Bayden tərəfindən atılan bu xoş jestlərə bir cavab xarakteri daşıyır. Bu gün Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan bir çox dünyəvi problemin həllində iştirak edir və qlobal əhəmiyyətli tezislər irəli sürür. Özəlliklə Qoşulmama Hərəkatı və BMT nəzdində dünyada peyvəndlərin ədalətsiz bölgüsü və bir çox digər məsələlərlə bağlı Azərbaycan prezidenti tərəfindən irəli sürülən təşəbbüslər sonradan praktiki olaraq dünya dövlətlərinin ortaq şəkildə bu məsələ ətrafında birləşməsinə səbəb olub. Bütün bu faktorları nəzərə aldıqda Azərbaycan gələcəkdə Qərbin iqtisadi, siyasi mövcudluğunda mühüm komponentlərindən birinə çevriləcək və ABŞ-Azərbaycan münasibətləri də bu xətt üzərində inkişaf etməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


