Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Sadiq şəxsi münasibətlər zəminində arvadı Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan eidlib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Səidə ilə tanış olub və qeyri-rəsmi birlikdə yaşayıb: “Səidə ilə telefonda danışarkən aramızda qısqanclıq zəminində mübahisə yarandı. Həmin gün saat 20 radələrində Səidə işlədiyim ünvanın qarşısına gəldi. Orada aramızda mübahisə yarandı. Əlim ilə Səidənin baş nahiyyəsinə, təpiklə isə sinəsinə vurdum”.
Sadiq deyib ki, əməlindən peşmandır. O, zərərçəkmişlə barışıb və ona qarş hər hansı bir şikayəti yoxdur.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb.
Bu səbəbdən Sadiqin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


