Ötən müddət ərzində ölkədə quraq hava şəraiti hökm sürsə də, martın əvvəlindən başlayaraq hava şəraiti qeyri-sabit davam etməkdədir. Bəs bu hava kənd təsərrüfatına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Demokrat.az-a danışan iqtisadçı-ekspert Rauf Qarayev hazırkı havanın kənd təsərrüfatı üçün əlverişli olmadığını bildirib: “Hazırkı vəziyyət, yəni soyuq hava şəraiti çox davam etsə, o zaman meyvə qıtlığı baş verəcək. Çünki meyvə ağacların gül açan vaxtı qarın yağması onu sıradan çıxarır. Hesab edirəm ki, bu il ərik bazarında qıtlıq ola bilər. Bundan əlavə, belə hava əkin sahəsində məhsuldarlığı azaldır. Amma qeyd etdiyim kimi, bu uzun müddətli davam edərsə, yaşana bilər. Digər tərəfdən yağışlı havanın çox olması çayların daşması ilə də müşahidə oluna bilər. Amma indiki dəyişkən hava şəraitinin nə vaxta kimi davam edəcəyi proqnozunu vermək mümkün deyil. Ona görə də, onun kənd təsərrüfatı sahəsinə nə qədər təsir edəcəyini dəqiq proqnoz etmək də çətindir”. 
Yağışlı havaların çox olmasının ehtiyat su mənbəyi üçün əsl vaxtı olduğunu vurğulayan ekspert əlavə edib ki, ancaq ölkəmizdə bununla bağlı ciddi tədbirlər görülməyib: “İndiyədək ölkəmizdə süni göllərin sayı artırılmayıb. Sadəcə 1-2 süni göllə kifayətləniblər ki, həmin göllər də artıq qurumaq üzrədir. Hətta, bəzilərindən demək olar ki, istifadə etmək mümkün deyil. Bu gün respublikamızda Hacıqabul süni gölü var ki, o da effektsiz bir göldür”.
Yağıntılı hava şəraitinin Kürün suyuna təsirləri barədə danışan ekspert qeyd edib ki, Kür çayının artmasına təsir etməsi üçün gərək bir ay dayanmadan mütəmadi yağış yağsın: “Normadan artıq 2-3 dəfə yağıntının olması ziyandır. Amma bu, Kürün suyunun qalxmasına müsbət təsir edə bilər. Təbii ki, hazırkı hava şəraiti də daimi deyil. Əgər bu yağıntıdan düzgün istifadə edilərsə, o zaman yayda əkin sahələri problem görməyəcək. Çünki ölkədə su çatışmazlığı var. Fermerlərin bildirdiyinə görə, taxıl yetişənədək 3 dəfə suvarılmalıdır. Əlavə olaraq, onu da qeyd edim ki, qarın düşməməsi və şaxtaların olmaması ziyanvericilərin artımına şərait yaradır. Amma görünən odur ki, şaxtaların, qarın qışa yox, məhz yaza təsadüf etməsi ziyanla müşahidə olunacaq”.
Nəzrin Hüseynli Demokrat.az


