Bu dəfə Demokrat.az sizə rejissoru Həbib İsmayılov, bəstəkarı Tofiq Quliyev, ssenari müəllifləri Həbib İsmayılov və Anna Yan olan, milli filmlərimizin incilərindən biri “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova ilə müsahibəni təqdim edir:
-Sevinc xanım, uşaq roluna çəkilməklə Azərbaycan tamaşaçısının qəlbinə əbədi həkk olmusunuz. Sadə sözlər və uşaq davranışları ilə yaddaşlarda qalmaq necə mümkün olub?
-Hər dəfə bu filmə baxanda məndə gözəl hisslər oyanır, uşaqlığım yadıma düşür. Filmdə çalışırdım ki, rejissor Həbib İsmayılovun tələblərini yerinə yetirim. Məncə, filmin mövzusu təbii olduğu üçün hələ də sevilərək izlənilir. Elə filmin sevilən olması, filmdə çəkilən hər bir aktoyr və aktrisanı da sevimli edir.
-Sonra niyə sizi başqa filmlərdə görmədik?

-Rejissor Tofiq Tağızadə atamla dost idi. O həmişə atama deyirdi ki, Sevincin böyük istedadı var, böyüyəndə Dövlət Kinematoqrafiya İnstitutuna daxil olsun, təhsilli aktrisa olsun. Amma mənim arzularım, məqsədlərim başqa idi.
Əjdər İbrahimov “Onun böyük ürəyi” filmində kiçik epizodda – Lalənin uşaqlığı epizodunda çəkildim. Filmin mövzusu müharibə günlərinə həsr olunmuşdu. Mən orda anama məktub gətirirəm. Əjdər İbrahimov da epizodda məndən soruşur ki, bu məktub kimdəndi? Mən də deyirəm ki, atamdan. Belə bir rolda çəkildim, sonra isə o rolun davamını Natəvan Şeyxova canlandırıb. Film çox gözəl alınmışdı, aktyor heyəti də çox uğurlu seçilmişdi. Sonralar məni çox filmlərə dəvət etdilər, amma mənim məqsədim Konservatoriyaya qəbul olmaq idi, fortepianoda ifa edirdim, ona görə aktrisalığı davam etdirmədim.
-Ceyhun Mirzəyevlə tərəf müqabili olmaq.. Bunu bizə təsvir edin..

-Ceyhunla tərəf müqabili olmaq qürurvericidir. Elə o uşaq vaxtından istedadlı idi. Filmdə bir epizod var- çaya yıxılmaq epizodu. Film İsmayıllı rayonunun Qalaçıq kəndində, Qubaya və xüsusi hazırlanmış çəkiliş meydançasında çəkilirdi. Mən də uşaq idim, özü də çəkiliş soyuq havalara təsadüf etmişdi. Çayın daşlarını təmizləyəndə gördüm ki, dərindir, bacarmayacam. Hətta qorxumdan birinci dublda qaçdım (gülür). Sonra Ceyhun mənə kömək elədi. Dedi ki, qorxma, biz çayda axacağıq, amma bizi tutacaqlar. Yəni məni ürəkləndirdi. Beş dublun dördündə çaya yıxıldım, tuturdular bizi.
-Balaca Cəmilə ilə oxşar tərəflərinizi tapmısınız?
-Filmdəki Cəmilə çox təmizniyyətli qız idi. Baxmayaraq ki, o İsmayılla yola getmirdi, amma o qardaşı İsmayılı çox istəyirdi. Hətta filmdə belə bir səhnə var ki, Cəmilə İsmayılın dərs oxuduğunu görüb sevincək anasının yanına qaçır, xəbər verir. Düşünürəm ki, insanlara qarşı xoşniyyətli, təmiz ürəkli olmaq Cəmilə ilə mənim ortaq cəhətlərimizdir.

-Azərbaycan uşaq filmlərində dərin bir durğunluq yaşanır. Səbəb balaca Cəmilələrin olmamasıdır, yoxsa Həbib İsmayılov kimi rejissorların olmaması?
-Nəcibə Məlikova, Fateh Fətullayev, Ceyhun Mirzəyev, Həqiqət Rzayeva, Nəsibə Zeynalova, Şəfiqə Qasımova- bu cür aktyor heyəti ilə, əlbəttə ki, mükəmməl film ərsəyə gəlməli idi. Yaradıcı heyət çox gözəl idi, yəqin ki, elə bu da önəmli rol oynayıb. Hətta o gün taksidə gedirdim, sürücü tanıdı məni. Dedi ki, mən hər dəfə o filmə baxanda ağlayıram. Çünki, uşaqlığım yadıma düşür, mənim də analığım var idi, mən də İsmayıl kimi böyümüşəm. Amma təəssüf ki, Cəfər Cabbarlı adına kinostudiyamız inkişaf etmir, elə filmlər çəkilmir. Keçmiş filmlər hamısı gözəl idi. İstərdim ki, keçmişdəki kimi yenə keyfiyyətli, maraqlı filmlər çəkilsin.
Maya Həsənova Demokrat.az


