Bakının Qaradağ rayonunda 2000-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində anası Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 9-da, saat 22.30-da Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 8 saylı peşə litseyinin yataqxanasında baş verib.
Faiq yaşadığı evin otağında anası Südabə ilə mübahisə edib. Mübahisə zamanı o, anasının üzünə, sonra isə yumruqla sağ çiyninə vuraraq ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş Südabə isə oğlundan şikayətçi olmadığını bildirib.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.
Bu səbəbdən Faiqin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


