Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Demokrat.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
-İlham müəllim, Rusiya və Ukrayna müharibəsi regionun siyasi mənzərəsinə necə təsir edəcək?
-Artıq üç həftədədən çoxdur ki, Rusiya Ukrayna torpaqlarınına işğalı davam etdirir. Əslində bu işğal 2014-cü ildə Ukraynanın tərkib hissəsi olan Krımın işğalı ilə başlamışdı. Bu vaxtdan başlayaraq, yalnız bu iki ölkə arasında deyil, həm də Rusiya ilə bütün Qərb ölkələri, o cümlədən ABŞ arasında bir siyasi gərginlik hökm sürürdü. Krımın ilhaqını Ukraynanın savaş olmadan qəbullanması, bəlkə də Rusiyanın iştahını daha da qabartmışdı. Buna əsas verən əsaslardan biri də bütün dünyanın bu işğala səssiz qalması, lazımi münasibət göstərməməsi olmuşdu. Demək olar ki, biz Türkiyə xaric hansısa bir ölkədən aydın və net bir münasibət görməmişdik. Bu gün isə biz Rusiyanın qarşısına çıxan fərqli bir Ukrayna ilə qarşı qarşıyayıq. Ötən bu həftələr ərzində Rusiya ordusunun böyük itkilər verməsi, gözlədikləri kimi planlarının işə yaramadığını gördükdə aydın olur ki, Krımın işğalından sonra həm Ukrayna, həm də bütün Qərb dövlətləri bu günkü savaşa çox ciddi hazırlaşıblar. Bu təkcə müharibədə istifadə olunan yeni növ silahlarla bağlı deyil, ümumilikdə Rusiyaya qarşı embarqoları, bütün istiqamətlərdə hibrid savaş texnologiyalarını da nəzərə alsaq, deyə bilərik ki, Rusiya siyasi və hərbi rəhbərliyi bu cür müharibə taktikasi, modern savaş texnikləri ilə üzləşəcəyini yaxşı hesablaya bilməyiblər və yaxud onlarda yalnış bilgilər mövcud olub. Görünən odur ki, müharibənin çox yaxın tarixdə bitmə ehtimalı görünən kimi deyil. Müharibənin uzanması isə yalnız regionun deyil, həm də bütün dünyanın siyasi və iqtisadi mənzərəsini dəyişəcək.
-Ukraynanın daxilində “5-ci kalon”un varlığından da danışırdılar. Həm də onların varlığı uzun illərə dayanır. Ukraynanın indiki vəziyyətində bunu nədən bilmək olar?
-Yuxarıda da qeyd etdiyimiz kimi, 2014-cü ildə Krımın işğalı zamanı Ukrayna daxilində Rusiyanın “5-ci kalon”un hissediləcək dərəcədə varlığı Ukrayna ordusunun işğala səssiz qalmasını şərtləndirən səbəblərdən ola bilirdi. Görünür, ötən bu illər ərzində Ukrayna müharibəyə yalnız hərbi müstəvidə deyil, həm də müharibə dövründə ölkə daxilində yarana biləcək bütün parametrləri nəzərə alıb, sistem daxilində incə təmizləmə işləri aparıb. Biz bu fikirləri bu gün Ukraynanın müharibə zamanı sağladığı üstünlük, cəmiyyət və siyasi hakimiyyət daxilində mövcud olan birlik, bərabərliyin olmasında da görə bilərik. Hər halda deyə bilərəm ki, Rusiyanın “5-ci kalon”u hələ ki ciddi heç bir şey görə bilməyib. Əksinə, Rusiyanın bu müharibədəki çaşğınlığı və güclü dirənişlə qarşılaşması deməyə əsas verir ki, Rusiya tərəfi Ukraynaya müharibə edərkən qarşılaşacağı vəziyyəti əvvəlcədən aydınlaşdıra bilməyib. Hər halda, biz bu gün Qərblə bütün olan, üzünü Qərbə çevirmiş və parçalanmayan vahid Ukrayna siyasi rəhbərliyi görürük.
Təxminən bir ay öncə biz heyətlə bərabər Ukraynada olduq. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin rəhbərliyi ilə, millət vəkillərinin, ictimai xadimlərin iştirak etdiyi konfrans keçirildi. Mən orda çıxışımda qeyd etdim ki, postsovet məkanından olan ictimai-siyasi insanlar mütləq koordinasiyalı fəaliyyət göstərməlidir. Ukrayna cəmiyyətində belə bir fikir formalaşdırılmışdı ki, biz özümüz özümüzlə döyüşəcəyik? Axı biz eyni kökdən olan millətlərik. Bu fikir də Rusiyada müharibədən öncə yanlış təəssürat yaratmışdı ki, ukraynalılar döyüşmək istəməyəcəklər. Amma müharibənin gedişatında xalq birləşdi, döyüşmək istəməyənlər ya öz xalqının birliyi naminə Prezidentinə dəstək oldu, ya da, ən azından, neytral qaldı. Yəni, “5-ci kolon” müharibənin gedişatına və xalq birliyinə maneə ola bilmədi.

-Zelinski qismən Qəddafi, Səddam Hüseynin taleyini yaşayır. Doğurdanmı, onun ən böyük günahı Avropameyilli olmasıdır? Onun çıxışlarından peşmanlığı duymaq olur?
-Məncə, Zelinskini nə Qəddafi, nə də Səddam Hüseynlə müqayisə etmək olar. İraq və Suriyadakı hadisələrin motivi tam başqadır. Həmin liderlər öz ölkələrində uzun illərə dayanan diktatura sistemi qurmuşdular, çağdaş dünyanın bir parçası olmaq yox, bunun tam tərsi baş verirdi. Ukrayna isə bu gün avtoritar rejimlərə, işğalçılıq siyasətinə dirəniş göstərən, modern dünyaya adapte olmağa çalışan bir ölkə olaraq dünya gündəminə oturub. Ona görə də bu gün bütün dünyanın tərəqqipərvər insanları məhz Ukraynanı dəstəkləyir. Rusiyanın yalnızlaşdırılmasının, təklənməsinin də səbəbi bu ölkənin qonşu ölkələrə, eləcə də bütün dünyaya inteqrasiyasında mövcud olan problemlərlə bağlıdır.
-Əslində, 30 ilə yaxın müddətdə biz də regionda bənzər problemlərlə qarşılaşdıq. Ermənistan işğalında olan torpaqlarımızı 44 günlük müharibə dövründə azad etdik. Sizcə, Ukrayna bu çətin günlərdə bizdən nəyi örnək götürməlidir?
-Bizdə durum bir az daha fərqliydi. Torpaqlarımız Ermənistan tərəfindən işğal olunsa da, bu günkü Ukraynadan fərqli olaraq,dünyanın əksər dövlətləri bizə qarşı birləşmişdi. Hətta münaqişəni tənzimləməli olan ATƏT-in Minsk qrupunun hər üç ölkəsi (ABŞ, Rusiya, Fransa) də problemi həll etmək əvəzinə, işğalçı Ermənistanın tərəfi kimi çıxış edirdilər. Biz bütün dünyadakı böyük lobbilər, diasporlarla mübarizə aparırdıq. Lakin Azərbaycan prezidenti İlham Əliyev uzun illər səbrlə apardığı siyasəti, təmkini nəticəsində bu ölkələri neytrallaşdıra bildi, bir çox ölkələrdə nüfuzlu dostlarımız vasitəsilə lobbi fəaliyyətlərini genişləndirdi. Üstəlik, bütün xalqı bir dəmir yumruq ətrafında toparlaya bildi və bunun nəticəsində qələbəmiz təmin olundu. İlham Əliyev düşmənlərimizin çoxunu ya dost etdi, ya da neytrallaşdıra bildi. Bu gün Ukraynada biz daha fərqli bir mənzərəni görürük. Bütün dünya Rusiyaya qarşı Ukrayna ilə birləşib. Rusiyanı bütün dünya iqtisadi məngənədə sıxıb, təslimiyyətə məcbur edir. Bu şəraitdə Ukraynanın qazanması üçün daha çox potensialı var. Ümid edirik ki, Rusiya bütün dünyanın fikrinə hörmətlə yanaşacaq, regionda daha böyük faciələrə yol açmadan geri çəkiləcəkdir.
-Azərbaycan cəbhə xətti ilə yanaşı uzun illərdir ki, həm də informasiya müharibəsi aparır. Bu işdə diaspor təşkilatları, ictimai təşkilatlar və medianın da xüsusi rolu var. Rəhbərlik etdiyiniz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də uzun illərdir bu istiqamətdə fəaliyyət göstərir. Artıq pandemiya dövrü də başa çatmaqdadır. Son gördüyünüz işlərlə bağlı məlumat verə bilərsinizmi?
-Dediyiniz kimi, uzun illərdir ki, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində, güclü erməni lobbisi və diaspor təşkilatlarının informasiya müharibəsinə qarşı ölkəmiz ciddi müqavimət göstərir. 44 günlük müharibədə Ermənistan tam məğlub olsa da, erməni lobbisi bu məğlubiyyəti həzm edə bilmir, revanşist qüvvələr ara-sıra aqressiyalarını göstərməyə cəhd edirlər. Bizim təşkilat da yarandığı 15 il ərzində əsas fəaliyyət istiqamətini məhz bu məsələlərə həsr edib. Demək olar ki, Avropanın siyasi mərkəzlərində dəfələrlə Azərbaycan həqiqətlərinin təbliği, Xocalı soyqırımının tanıdılması istiqamətində layihələr həyata keçirmişik. Bu layihələrin bəziləri Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, bir çoxu isə təşilatımızın öz imkanları daxilində həyata keçirilib. Bu yaxınlarda biz yenidən Agentliyin maliyyə dəstəyi ilə Brüssel və Haaqa şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər, fotosərgilər keçirmişik. Hesab edirik ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirməli, Xocalı soyqırımına ədalətli qiymət verilməsi üçün mücadiləmizi davam etdirməliyik. Maraqlıdır ki, bu gün hətta bizim öz içimizdə belə bəzi insanlar var ki, bu cür tədbirlərin keçirilməsinə kölgə salmağa, tədbirlərin əhəmiyyətini azaltmağa çalışırlar. Hesab edirəm ki, onlar daha çox ermənilərin mövqeyinə yaxın mövqe sərgiləməklə görülən bu cür işlərin miqyasının genişlənməsindən rahatsız olurlar. Təəssüf edirəm ki, belələrinə mediada da rast gəlinir. Dünyanın nüfuzlu şəhərlərində onlarla, yüzlərlə təşkilat rəhbərlərini bir araya gətirmək, onlara həqiqətlərimizi açıq-aşkar söyləmək, maddi dəstəkdən əlavə, həm də hünər, beynəlxalq əlaqə, cəsarət tələb edir. Biz illərdir bu yolda işlər görür və görməyə davam edirik. Dövlətimiz naminə etdiyimiz irimiyaslı işlərə, təbliğat kampaniyalarına kölgə salmağa çalışan heç bir “sapı özümüzdən olan baltalar” bizi ruhdan sala bilməz. Məncə, yaxşı olardı ki, bu cür media qurumları öz fəaliyyət istiqamətlərini ermənilərlə informasiya müharibəsinə sərf etsinlər.
Həm ölkədaxili, həm də beynəlxalq təşkilatlar, qurumlar içərisində 44 günlük zəfərimizi qəbullanmaq istəməyən insanlara rast gəldik. Amma düşünürəm ki, bu Zəfərin tarixini, buna qadir xalqımızın qüdrətini Ali Baş Komandanımız müharibə müddətində etdiyi kəsərli çıxışları ilə bütün dünyanın diqqətinə çatdırdı.
Maya İmran Demokrat.az


