Gündəm Özəl

Deputat: “Azərbaycanla Ermənistan arasında yekun sülh sazişini imzalamaq mümkündür” — ÖZƏL

Deputat: “Azərbaycanla Ermənistan arasında yekun sülh sazişini imzalamaq mümkündür” — ÖZƏL

“Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Avropa ölkələrinin rəhbərləri, Amerika Birləşmiş Ştatlarının rəhbər şəxsləri davamlı olaraq Azərbaycan prezidenti cənab İlham Əliyevlə bu və ya digər məsələlər ətrafında müzakirələr aparırlar. Bunu Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yüksək nüfuzu və real təsir imkanları kimi qiymətləndirmək lazımdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat Blinken bundan öncə də Azərbaycan prezidenti ilə müzakirələr apardığını vurğuladı:

“Blinken hər zaman Azərbaycan – ABŞ əlaqələrinin səviyyəsindən razılığını bildirib. Xüsusilə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu yüksək qiymətləndirib və təşəkkürünü bildirib. Təbii ki, hazırkı dövrdə Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya məhz Azərbaycanın iradəsi ilə formalaşıb və bu proses davam etməkdədir. Post-münaqişə mərhələsində təbii ki, həllini gözləyən çox mühüm məsələlər var. Regionun bütövlükdə təhlükəsizlik məsələləri, gələcək əməkdaşlıq imkanları məhz bu məsələdən birbaşa asılıdır. Azərbaycan Ermənistanla münasibətlərinin tənzimlənməsi üçün özünün hər zaman mövqeyini, şərtlərini açıq ifadə edib”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeləri tam qanuni, ədalətlidir: “Bunlar gələcəkdə Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlıq imkanlarının yaranmasına imkan verəcək mövqelər və şərtlərdir. Ermənistan tərəfi isə həmişə olduğu kimi, qeyri-müəyyən mövqe sərgiləməkdədir. Yəni, Azərbaycanln istəyi odur ki, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə dövlət sərhədlərini tanısınlar. Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəksin. Sərhədlərin delimitasiyası, demarkasiyası aparılsın, yekun sülh sazişi imzalansın. Təbii ki, az öncə səsləndirdiyim şərtlər əsasında yekun sülh sazişini imzalamaq mümkündür. Bu baxımdan hesab edirəm ki, müzakirə zamanı Azərbaycan özünün bir daha haqlı, hüquq sənədlərinə malik olan şərtlərini səsləndirdi və ABŞ da müvafiq təsəvvürlərin yaranması istiqamətində növbəti addım atmış oldu. Qeyd edim ki, Cənab Prezidentin nəinki Cənubi Qafqaz regionunda, ümumiyyətlə yaxın coğrafiyada təsir imkanları böyükdür. Hesab edirəm ki, hazırda cərəyan edən bir sıra proseslərdə də Azərbaycanın barışdıırıcı təsir imkanları ətrafında da müzakirələr ola bilər”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az